Naxçıvanda dövlətçilik ənənələri və müasir Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib -

Naxçıvanda dövlətçilik ənənələri və müasir Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib - FOTO

11 İyun 2026

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində “Dövlətçilik ənənələri və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə könüllü gənclər, Naxçıvan Hərbi Kollecinin kursantları və nazirliyin əməkdaşları iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Nazirliyin aparat rəhbəri İlhamə Nəzərova bildirib ki, Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində müstəsna əhəmiyyətə malikdir. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həmrəyliyin, dövlətə sədaqətin və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. Dahi rəhbərin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkədə uğurlu dövlət gənclər siyasəti formalaşıb, gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs edib. Bildirilib ki, dahi rəhbərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmizdə möhkəm dövlətçilik ənənələri formalaşıb, müstəqilliyin qorunması və inkişafı təmin olunub. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verir. Gənclərin dövlət idarəçiliyində təmsil olunmasına göstərilən diqqət və gənc kadrların irəli çəkilməsi də məhz bu strategiyanın mühüm istiqamətlərindən biridir.

Çıxışlarda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin liderliyində ölkəmizin əldə etdiyi uğurlardan da bəhs olunub. Qeyd olunub ki, dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, ölkənin beynəlxalq nüfuzu daha da artıb, sosial-iqtisadi inkişaf və dövlət quruculuğu sahələrində mühüm nailiyyətlər əldə olunub.

Sonda iştirakçılar muzeyi ziyarət edərək ümummilli liderin zəngin həyatı və siyasi fəaliyyətini, Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri əks etdirən ekspozisiya ilə tanış olublar.