Azərbaycan MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasında təmsil olunub
Azərbaycan Qazaxıstanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 82-ci iclasında iştirak edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu gün Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində baş tutan tədbirdə komitənin sədri Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 81-ci iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətləri arasında gömrük nəzarəti proseslərində istifadə olunan informasiya texnologiyaları və proqram vasitələri, perspektiv rəqəmsal həllər, eləcə də inspeksiya-baxış komplekslərindən istifadə üzrə qabaqcıl təcrübələrin müzakirəsi aparılıb.
Tədbir çərçivəsində MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətlərinin malların təsnifatı məsələləri üzrə İşçi Qrupunun yenilənmiş tərkibi təsdiq edilib, o cümlədən gömrük işinin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb və bir sıra istiqamətlər müəyyən edilib.








