Naxçıvanda liseylərə VII sinif üzrə qəbul prosesi başlayır
2026–2027-ci tədris ili üzrə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların VII sinfinə qəbul prosesi başlayır.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlama verən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Elnur Qasımov bildirib ki, Naxçıvan şəhər Qızlar Liseyi və Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil almaq istəyən şagirdlərin valideynləri və ya qanuni nümayəndələri “Şagirdlərin elektron yerdəyişməsi” (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçərək müraciət etməlidirlər.
Onun sözlərinə görə, valideynlər şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” seçimini etməli, daha sonra imtahan mərkəzini və tələb olunan digər məlumatları qeyd etməlidirlər. İmtahan zamanı şagirdlərin tədris dili üzrə bilikləri, həmçinin riyazi təfəkkür və məntiqi düşünmə bacarıqları qiymətləndiriləcək.
Elnur Qasımov qeyd edib ki, imtahan nəticələrinə əsasən müəyyən olunmuş keçid balını toplayan şagirdlər lisey seçimi mərhələsinə buraxılacaqlar. Seçim prosesi iki mərhələdə, zərurət yarandıqda isə əlavə üçüncü mərhələdə həyata keçiriləcək. Müvafiq təhsil müəssisəsinə qəbul hüququ qazanan şagirdlər üçün elektron sistem tərəfindən avtomatik sorğular yaradılacaq və sənədlərin qəbulu prosesi təşkil olunacaq.
Sektor müdiri vurğulayıb ki, lisey və gimnaziyalara qəbul hər il yalnız bir dəfə – yeni tədris ili başlamazdan əvvəl həyata keçirilir. Bu səbəbdən valideynlərə qeydiyyat müddəti ərzində müraciətlərini vaxtında tamamlamaları tövsiyə olunur.
Bildirilib ki, Naxçıvan şəhər Qızlar Liseyi və Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin hər birində 3 sinif olmaqla ümumilikdə 60 şagirdin qəbul olunması nəzərdə tutulub.
Qeyd edək ki, Naxçıvan şəhər Qızlar Liseyinə yalnız qızlar, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə yalnız oğlanlar qəbul ediləcəklər.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








