Aləmzər İbrahimova: Naxçıvan Ədəbiyyat Muzeyi 60 ildir ki, zəngin ədəbi irsimizin keşiyində dayanıb

Aləmzər İbrahimova: Naxçıvan Ədəbiyyat Muzeyi 60 ildir ki, zəngin ədəbi irsimizin keşiyində dayanıb

18 May 2026

60 ilə yaxın tarixə malik müəssisə bu gün də zəngin ədəbi irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

"NAXÇIVANXƏBƏRLƏRİ"nə müsahibəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova muzeyin keçdiyi inkişaf yolu və fəaliyyəti barədə məlumat verib.

Direktor bildirib ki, muzeyin yaradılması haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 25 dekabr 1965-ci il tarixli xüsusi sərəncamı olub. Həmin sərəncama uyğun olaraq, 1966-cı ildə muzey üçün bina ayrılıb və eksponatların toplanmasına başlanılıb. Müəssisənin rəsmi açılışı isə 12 iyun 1967-ci ildə böyük ədib Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin qeyd olunduğu günlərdə baş tutub. Muzeyin açılışı və yubiley tədbirləri muxtar respublikanın ali mətbuat orqanı olan "Şərq qapısı" qəzetində geniş işıqlandırılıb.

Aləmzər İbrahimovanın verdiyi məlumata görə, açılış mərasimində akademiklər Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, xalq şairləri Süleyman Rüstəm, Balaş Azəroğlu, Mədinə Gülgün, eləcə də Məhəmməd Tağı Sidqinin ailə üzvləri və digər tanınmış elm, mədəniyyət xadimləri iştirak edərək muzeyin təəssürat kitabına öz ürək sözlərini qeyd ediblər.

Direktor muzey əməkdaşlarının elm və ədəbiyyat nümayəndələri ilə əlaqələri barədə danışıb:

"Muzeyin əməkdaşları uzun illər ərzində Əziz Şərif, Hüseyn İbrahimov, Anar, Abbas Zamanov və Bəxtiyar Vahabzadə kimi görkəmli ədəbiyyat və elm nümayəndələri ilə sıx əlaqələr saxlayıblar. Muzey fondunun zənginləşməsində Əziz Şərif və Abbas Zamanovun xüsusi xidmətləri olub. Eyni zamanda, ekspozisiyanın qurulmasında Bakı şəhərindən dəvət olunan Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əməkdaşları da yaxından iştirak ediblər".

Həmçinin müsahib Heydər Əliyevin  Ədəbiyyat Muzeyi ilə bağlı xatirələrini bölüşüb:

"1970-ci illərdən etibarən respublikada muzey işinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən qərarlar bu sahənin inkişafına yeni imkanlar yaradıb. Həmin dövrdə muzeylərə göstərilən diqqət və qayğının bariz nümunələrindən biri də ulu öndər Heydər Əliyevin 1974-cü ildə, Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi günlərində Ədəbiyyat Muzeyini ziyarəti zamanı çəkilmiş fotoşəklidir. Həmin fotoşəkil hazırda ekspozisiyanın dəyərli eksponatlarından biri kimi nümayiş etdirilir".

Müsahibin sözlərinə görə, hazırda muzeydə mütəmadi olaraq ədiblərin yubiley və anım günləri, açıq dərslər, elmi seminarlar və müxtəlif maarifləndirici tədbirlər keçirilir. Muzey həmçinin muxtar respublikanın digər muzeyləri üçün təcrübə və kadr hazırlığı bazası rolunu oynayır.

"Əsas qayəmiz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığını dərindən öyrənmək və geniş təbliğ etməkdən ibarətdir. Bundan sonra da muzey xidmətinin nümunəvi şəkildə aparılması üçün kollektivimiz əlindən gələni əsirgəməyəcək", – deyə A. İbrahimova vurğulayıb.

Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən muzeyləri ölkənin digər bölgələrindəki bir sıra muzeylərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onların ziyarətçilər üçün ödənişsiz olmasıdır.

Müsahibəni hazırladı:

Nəzrin Umay