Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Kəlbəcərin işğaldan azad olunması xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Azərbaycan Ordusunun hərbi qüdrətinin parlaq təntənəsidir. 25 noyabr – Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin azadlıq tarixinə həsr olunmuş əlamətdar gün deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində atılmış tarixi addımların rəmzidir.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, zəngin təbii sərvətləri, füsunkar təbiəti, strateji coğrafi mövqeyi və qədim mədəniyyət nümunələri ilə seçilən diyarıdır. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər uzun illər ərzində xalqımızın ağır məhrumiyyətlərinin, doğma yurd həsrətinin və tarixi ədalətsizliyin simvollarından birinə çevrilmişdi. İşğal nəticəsində on minlərlə insan öz doğma torpağından didərgin düşmüş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrimizə ciddi ziyan vurulmuşdu. Lakin Azərbaycan xalqı heç zaman Kəlbəcərin azadlığına olan inamını itirmədi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunu Azərbaycana qaytarmağa məcbur oldu. Beləliklə, Kəlbəcər bir güllə atılmadan, diplomatik-siyasi və hərbi qələbənin nəticəsi olaraq öz sahibinə qovuşdu.
Kəlbəcərin azad olunması Azərbaycanın hərbi-siyasi və geostrateji maraqları baxımından müstəsna əhəmiyyət daşıyır. İlk növbədə, rayonun coğrafi mövqeyi onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Kiçik Qafqazın dağlıq ərazisində yerləşən Kəlbəcər Azərbaycanın təhlükəsizlik sistemində mühüm müdafiə mövqeyinə malikdir. Rayonun azad edilməsi ölkəmizin qərb istiqamətində müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdi, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar yaratdı. Bu əraziyə nəzarətin bərpası Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi baxımından mühüm rol oynadı. Eyni zamanda, Kəlbəcərin yüksək dağlıq əraziləri hərbi-strateji baxımdan əlverişli mövqelərə malikdir.
Digər mühüm məqam Kəlbəcərin zəngin təbii sərvətləri ilə bağlıdır. Rayon qızıl, civə, xromit və digər faydalı qazıntı yataqları, mineral su ehtiyatları, meşələri və su mənbələri ilə seçilir. Kəlbəcərin su ehtiyatları da strateji əhəmiyyətə malikdir. Tərtər çayı və onun hövzəsində yerləşən su ehtiyatları regionun ekoloji tarazlığı, kənd təsərrüfatı və enerji təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Sərsəng su anbarı və ətraf su infrastrukturu üzərində nəzarətin bərpası Azərbaycanın su təhlükəsizliyi və regional inkişaf imkanlarını genişləndirən amillərdəndir.
Kəlbəcərin azad olunması həm də Azərbaycanın tarixi-mədəni irsinin qorunması baxımından mühüm hadisədir. Qədim alban məbədləri, tarixi abidələr, qalalar, qəbiristanlıqlar və digər mədəniyyət nümunələri xalqımızın çoxəsrlik tarixinin canlı şahidləridir. Bu torpaqlara dövlət nəzarətinin bərpası həmin irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün imkan yaratdı.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın azad edilmiş ərazilərə münasibətinin, dövlətimizin iqtisadi qüdrətinin və gələcəyə yönəlmiş inkişaf strategiyasının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə yollar, tunellər, körpülər, elektrik və su infrastrukturu, yaşayış kompleksləri, sosial obyektlər inşa edilir.Xüsusilə İstisu mineral su kompleksinin yenidən qurulması, turizm infrastrukturunun inkişaf etdirilməsi, Kəlbəcər-Laçın avtomobil yolunun və tunellərin tikintisi rayonun iqtisadi və sosial potensialının reallaşdırılması baxımından mühüm addımlardır.
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan ailələrin təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həm də müasir infrastruktur, yeni iş yerləri, təhsil və səhiyyə imkanları ilə təmin olunan dayanıqlı yaşayış məkanları yaratmaqdır.
Kəlbəcərin gələcək inkişafı turizm, kənd təsərrüfatı, dağ-mədən sənayesi, alternativ enerji və xidmət sektorunun inkişafı ilə sıx bağlıdır. Rayonun təbii gözəllikləri və zəngin mineral su ehtiyatları onun Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açır.
Nəticə etibarilə, Kəlbəcərin azad olunması Azərbaycanın hərbi qüdrətinin, diplomatik iradəsinin və milli birliyinin təntənəsidir. Bu tarixi hadisə bir daha sübut etdi ki, güclü dövlət, müdrik siyasi rəhbərlik və xalq-ordu birliyi qarşısında heç bir maneə dayana bilməz.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycan xalqının öz torpaqlarına qayıdışını təmin etməklə yanaşı, regionda yeni geosiyasi reallıqların formalaşmasına da yol açdı. Kəlbəcərin azadlığı bu reallıqların ən mühüm tərkib hissələrindən biridir.
Kəlbəcərin hər bir kəndində, hər bir küçəsində həyatın yenidən canlanması, quruculuq və inkişafın davam etməsi Azərbaycanın gələcək nəsillərə ötürəcəyi ən böyük tarixi miraslardan biridir.
Kəlbəcər azaddır, Kəlbəcər dirçəlir, Kəlbəcər yenidən doğulur!
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, xalq artisti








