Sədr müavini: Naxçıvanın mineral xammal ehtiyatları müasir texnologiyalarla yenidən qiymətləndiriləcək
Naxçıvan Muxtar Respublikasının mineral xammal potensialının müasir üsullarla öyrənilməsi və mövcud ehtiyatların yenidən qiymətləndirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini İlkin Tahirov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, bu istiqamətdə işlər 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramında müəyyənləşdirilən əsas məsələlərdəndir.
Onun sözlərinə görə, Naxçıvan faydalı qazıntılarla zəngindir və muxtar respublikada ehtiyatları hesablanmış yataqlarla yanaşı, perspektivli sahələr də mövcuddur.
İlkin Tahirov deyib ki, həmin yataq və sahələrin geoloji, geofiziki, geokimyəvi və rəqəmsal texnologiyaların tətbiqi ilə daha dərindən araşdırılması, ehtiyatların yenidən qiymətləndirilməsi və perspektivli sahələrin iqtisadi dövriyyəyə cəlb edilməsi planlaşdırılır.
Sədr müavini qeyd edib ki, əsas diqqət filiz yataqları və filiz sahələrinin kompleks öyrənilməsinə yönəldiləcək. Burada nəcib və əlvan metallar, qara metallar və digər filiz yataqlarının potensialının araşdırılması nəzərdə tutulur.
İlkin Tahirovun sözlərinə görə, məqsəd hasilatdan emala qədər bütün mərhələləri əhatə edən sənaye zəncirinin formalaşdırılması və mineral xammal hesabına daha yüksək iqtisadi dəyərin yaradılmasıdır.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








