Elxan Nəcəfov: Nehrəmdə yeni məktəb və 60 yerlik bağça istifadəyə veriləcək

Elxan Nəcəfov: Nehrəmdə yeni məktəb və 60 yerlik bağça istifadəyə veriləcək

08 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri üçün ənənəvi Sentyabr konfransı keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

Nazir bildirib ki, konfrans çərçivəsində Elm və Təhsil Nazirliyinin aparatının bütün struktur bölmələri tərəfindən ötən tədris ilində görülmüş işlər, əldə olunan nailiyyətlər, uğurlar və qarşıya çıxan çətinliklər, eləcə də fəaliyyət istiqamətləri barədə təqdimatlar keçirilib.

“Ötən tədris ili müxtəlif istiqamətlərdə uğurlarla yadda qalıb. Xüsusilə təhsil infrastrukturu ilə bağlı yenilikləri qeyd etmək istəyirəm. Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Nehrəm qəsəbəsində 60 yerlik uşaq bağçasının da tədris ili ərzində istifadəyə verilməsi planlaşdırılır”, – deyə Elxan Nəcəfov qeyd edib.

Nazirin sözlərinə görə, Culfa şəhər 3 nömrəli tam orta məktəbində cari təmir və abadlıq işləri aparılıb.

Elxan Nəcəfov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında şagird-kompüter nisbətinin yaxşılaşdırılması məqsədilə dövlət proqramı çərçivəsində məktəblərə 2255 kompüter təchiz olunub.

“Bununla yanaşı, Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında bağlanmış beynəlxalq müqavilə çərçivəsində həyata keçirilən interaktiv yardım layihəsinin tədris ilinin başlanğıcında başa çatdırılması nəzərdə tutulur. Layihənin nəticəsi olaraq bütün təhsil müəssisələrimiz sürətli fiber-optik internetlə təmin ediləcək”, – nazir bildirib.

Onun sözlərinə görə, internet və kompüter təminatının yaxşılaşdırılması nəticəsində bu ildən Naxçıvanda 20 ən böyük məktəb, xüsusilə şəhər məktəbləri və nazirliyə birbaşa tabe olan təhsil müəssisələri “Rəqəmsal Məktəb” layihəsinə qoşulub.

Nazir qeyd edib ki, layihə çərçivəsində həmin məktəblərdə sinif jurnallarının elektron qaydada aparılması, şagird nailiyyətləri və məktəbin idarə olunması ilə bağlı məlumatların elektron sistemdə qeydiyyata alınması təmin ediləcək.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov