Vüqar Abbasov: Yeni layihələrimiz Naxçıvanda müasir yaşayış standartlarının formalaşmasına töhfə verəcək

Vüqar Abbasov: Yeni layihələrimiz Naxçıvanda müasir yaşayış standartlarının formalaşmasına töhfə verəcək

01 Sentyabr 2026

“Cahan Holdinq” Şirkətlər Qrupu Naxçıvanda daha bir iri layihənin icrasına başlayıb.

Naxçıvan şəhərində “Ümid Park” və “Panorama Residence” adlı yeni yaşayış kompleksləri inşa olunacaq. Bununla bağlı “Cahan İnşaat” şirkətinin “Tarixin mərkəzində” adlı layihə təqdimatı keçirilib. Tədbir Naxçıvan Palasda baş tutub.

Təqdimat mərasimində “Cahan Holdinq” Şirkətlər Qrupunun prezidenti Vüqar Abbasov çıxış edib.

Vüqar Abbasov “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində yeni yaşayış komplekslərinin inşası və şirkətin gələcək perspektivlərindən danışıb.

Holdinq rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı təqdim olunan Naxçıvan şəhərinin Baş Planı şəhərin müasir, rahat, yaşıl və insan yönümlü şəhər kimi inkişafını nəzərdə tutur.

Onun sözlərinə görə, Naxçıvanda dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastruktur layihələri və şəhərin gələcək inkişafını müəyyən edən Baş Plan özəl sektor üçün də böyük imkanlar yaradır.

Vüqar Abbasov qeyd edib ki, “Cahan İnşaat” şirkəti bu imkanları məsuliyyətlə dəyərləndirir:

“Müasir memarlıq, rahat planlaşdırma, abadlıq, yaşıllıq, təhlükəsizlik, sosial və gündəlik xidmətlər – bütün bunlar yaşayış kompleksinin ayrılmaz hissələridir".

Holdinq rəhbəri vurğulayıb ki, həyata keçiriləcək layihələr Naxçıvanda müasir yaşayış standartlarının formalaşmasına töhfə verəcək.

Vüqar Abbasov sözügedən layihələrin gələcəkdə həyata keçiriləcək digər layihələr üçün də yeni mərhələnin başlanğıcı olacağına əminliyini ifadə edib.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov