ZƏNGİLAN: Qalibiyyətin və dirçəlişin təntənəsi
Hər il oktyabrın 20-ni Azərbaycan xalqı böyük qürur, sevinc və minnətdarlıq hissi ilə qeyd edir. Bu tarix – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qədim Zəngilan şəhərini işğaldan azad etdiyi tarixi gündür. 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən hər il 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu gün Zəngilanda yalnız bir şəhərin azadlığı deyil, həm də əzəli yurduna qayıdan xalqımızın qətiyyəti, ədalətin bərpası və dövlətimizin gücü nümayiş olunur.
Qədim tarixi köklərə malik olan Zəngilan bölgəsi Azərbaycanın zəngin mədəniyyət beşiklərindən biridir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan yeni inzibati bölgüyə əsasən, Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bu əraziyə daxil edilmişdi. Lakin sonrakı tarixi mərhələlərdə bolşevik Rusiyasının təkidi ilə qədim türk torpaqları hesabına ermənilərə güzəştlər edilmiş, Zəngəzur qəzası parçalanmışdır. Nəticədə qəzanın yuxarı hissəsi Ermənistana birləşdirilmiş, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdı.
1993-cü ilin payızında isə Zəngilan xalqı bəşər tarixinin ən ağır sınaqlarından biri ilə üzləşdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində düşmənlə qəhrəmancasına vuruştular. 25–29 oktyabr 1993-cü ildə əhali son anadək döyüşərək, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçdi və İran İslam Respublikası ərazisi ilə Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı.
Təəssüf ki, işğal illərində erməni vandalizmi Zəngilanın da daşını daş üstündə qoymamışdır. Rayondakı 17-ci əsrə aid İmam Hüseyn məscidi, müxtəlif kəndlərdəki XIX əsr məscidləri, Alban kilsələri, orta əsr memarlıq inciləri olan Şərifan abidələri, Qız qalası, Məmmədbəyli kəndindəki Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi və digər tarixi-dini abidələr dağıdılıb, təhqir olunub, bir çoxu isə tövlə kimi istifadə edilib.
...Hər bir qaranlıq gecənin bir səhəri olduğu kimi, Zəngilanın da həsrəti 2020-ci ilin payızında sona çatdı. 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Azərbaycan Silahlı Qüvvələrinin Zəngilanın hüdudlarına çatmasına şərait yaratdı. 2020-ci il oktyabrın 18-də başlanan əməliyyat nəticəsində, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, həmçinin Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi.
Bu zəfərlə Azərbaycan-İran sərhədi boyunca 132 kilometrlik sərhəddimiz tam bərpa edildi. Zəngilan döyüşlərində iştirak edən qəhrəman hərbi qulluqçularımız cənab Prezidentin sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundular.
Bu gün Zəngilanda tamamilə yeni bir era – dirçəliş, tərəqqi və quruculuq dövrü yaşanır. Cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti və rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan qısa müddətdə müasir standartlara cavab verən nəqliyyat, logistika və yaşayış mərkəzinə çevrilir.
Bu hadisəni belə təsvir etmək olar:
Ağalı “Ağıllı kənd” layihəsi: Dünyanın ən müasir kəndlərindən biri olan Ağalı kəndində ekoloji təmiz "yaşıl" texnologiyalar, Həkəri çayı üzərində Arximed Turbini tipli su elektrik stansiyası, günəş panelləri və GPON yüksək sürətli internet şəbəkəsi tətbiq olunub. Burada müasir evlər, məktəb, bağça, tibb məntəqəsi və “ASAN”, “DOST” xidmətləri vətəndaşların istifadəsindədir. Şəhərsalma və yaşayış kompleksləri: Nazirlər Kabinetinin təsdiq etdiyi “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” əsasında irimiqyaslı tikinti işləri aparılır. 2026-cı ildə Zəngilan şəhərində ilk 104 mənzilli yaşayış kompleksinin açılışı oldu və sakinlərə açarlar təqdim edildi. Ötən illər ərzində Ağalı kəndinə, Məmmədbəyli kəndinə və Zəngilan şəhərinə yüzlərlə ailə qayıdaraq doğma ocaqlarında məskunlaşmışdır.
Strateji nəqliyyat qovşağı: Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməklə Qarabağın beynəlxalq nəqliyyat xəritəsindəki rolunu gücləndirir. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm strateji addımlardır.
Mədəniyyət və irsin bərpası: Heydər Əliyev Fondu tərəfindən XIX əsrə aid Zəngilan şəhər məscidi əsaslı şəkildə bərpa edilmiş, yanında yeni və möhtəşəm məscid kompleksi inşa olunaraq açılışı həyata keçirilmişdir.
İqtisadiyyat və turizm: Azərbaycan və Türkiyə şirkətlərinin birgə sərmayəsi ilə həyata keçirilən “Dost Aqropark” layihəsi bölgənin ərzaq təhlükəsizliyinə və məşğulluğuna mühüm töhfə verir. Eyni zamanda, “Ağalı” hotelinin açılışı və “Zangilan City Park Hotel”in təməlinin qoyulması rayonun turizm potensialını sürətlə artırır.
Bütün bunlar xalq-İqtidar birliyinin təntənəsi hesab edilməlidir. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunduqdan sonra Zəngilana etdiyi saysız-hesabsız səfərlər, təməlqoyma və açılış mərasimləri bu torpaqlarda həyatın sürətlə qaynayıb-qarışmasının əyani sübutudur. Hər bir zəngilanlı, hər bir azərbaycanlı əmindir ki, dövlətimizin qətiyyəti sayəsində doğma yurdlarımız daha da gözəlləşəcək, qaçqınlıq və məcburi köçkünlük dövrü tarixdə qalacaq.
Zəngilan şəhəri günü münasibətilə bütün zəngilanlıları və xalqımızı ürəkdən təbrik edir, torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın Qalib Xalqımız! Qarabağ Azərbaycandır!
Rza Xudiyev, xalq artisti,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








