Pərviz Şahbazov: "Naxçıvanın "yaşıl enerji"yə dair texniki potensialı 21-29 giqavatdır

Pərviz Şahbazov: "Naxçıvanın "yaşıl enerji"yə dair texniki potensialı 21-29 giqavatdır

20 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerjinin texniki potensialı 21-29 giqavatdır (QVt).

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, Naxçıvanada bərpa olunan enerjinin iqtisadi potensialı isə 6-7 QVt-dır: "Muxtar respublika üçün "Yaşıl Enerji Zonası" Konsepsiyası və Tədbirlər Planı hazırlanıb. Əsas hədəflər enerji müstəqilliyinin gücləndirilməsi, müasir şəbəkə infrastrukturunun yaradılması, ixrac imkanlarının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılmasıdır. Hazırda Naxçıvanda bərpa olunan enerji üzrə qoyuluş gücü 108 MVt təşkil edir, ötən il elektrik enerjisi istehsalında yaşıl enerjinin payı isə 36,4 %-ə çatıb".

Nazir qeyd edib ki, cari ildə 25 MVt gücündə "Şəms 1", 2027-ci ildə eyni gücdə "Qərbi Üfüq" günəş elektrik stansiyalarının, sonrakı mərhələdə isə ümumi gücü 51,6 MVt olan Tivi və Ordubad su elektrik stansiyalarının istifadəyə verilməsi ilə bu göstəricilərin daha da yüksəlməsi gözlənilir: "Vyetnamın "ROX Group" SC şirkəti ilə 200 MVt gücündə günəş enerjisi layihələrinə dair imzalanmış Anlaşma Memorandumu və digər beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi Naxçıvanın "Yaşıl Enerji Zonası"na çevrilməsi prosesini daha da sürətləndirəcək".