Azərbaycanda qiymətləndirilən fermerlərin sayı açıqlanıb

Azərbaycanda qiymətləndirilən fermerlərin sayı açıqlanıb

18 Oktyabr 2026

Azərbaycanda 2025-2026-cı il bəyan dövründə 313 min fermer qiymətləndirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, Aqrar Süni İntellekt layihəsinin mühüm nəticələrindən biri fermerlərin iqtisadi və ekoloji göstəricilərini, həmçinin müasir təsərrüfat idarəçiliyi meyarlarını qiymətləndirən reytinq sistemidir: "Sistem əkin sahəsi, məhsuldarlıq, sudan istifadə, torpaq analizi, növbəli və təkrar əkin, uyğun bitki seçimi, üzvi gübrələrdən istifadə, sığorta, müasir texnologiyaların tətbiqi və bəyanların düzgünlüyü kimi göstəriciləri nəzərə alır. Qiymətləndirmə fermerlərin təsərrüfat fəaliyyətinin müxtəlif aspektlər üzrə təhlilinə və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir".

İ.Qədimova qeyd edib ki, 2025-2026-cı il bəyan dövründə 313 min fermer qiymətləndirilib və onların təxminən 39 mini 30 bal həddini keçib: "Reytinqi 30 baldan yüksək olan fermerlər əkin subsidiyasının 30 %-ni avans almaq üçün müraciət edə bilərlər. Bundan əlavə, avans subsidiya müraciətlərinin qiymətləndirilməsi zamanı əkin sahələrinin şumlanıb-şumlanmadığını peyk təsvirləri əsasında müəyyən edən həll tətbiq olunur. Bu texnologiya əkin sahələri üzrə məlumatların yoxlanılmasına və dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir".