Naxçıvanda 3000 hektara yaxın ərazinin su təminatı yaxşılaşdırılacaq

Naxçıvanda 3000 hektara yaxın ərazinin su təminatı yaxşılaşdırılacaq

09 Sentyabr 2026

Babək rayonunun Nehrəm qəsəbəsində kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən irimiqyaslı infrastruktur layihəsi çərçivəsində “Araz-2” nasos stansiyasının tikintisi davam etdirilir.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ"- nə açıqlamasında layihənin icraçısı olan “Hovers Group” MMC-nin nümayəndəsi Ramin Babayev məlumat verib.

Bildirilib ki, mənbəyi Araz çayı olan “Araz-1” və “Araz-2” nasos stansiyaları vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərindəki kənd təsərrüfatı torpaqları suvarılır. Uzun illərdir istismarda olan mövcud nasos stansiyaları artıq istismar müddətini başa vurub.

Layihə çərçivəsində Araz çayı üzərində suyun nasos stansiyalarına çatdırılmasını təmin edəcək yeni “Araz-1” və “Araz-2” nasos stansiyaları, həmçinin meydança daxilində xüsusi quyular və suqəbuledici qurğular inşa edilir.

Hazırda layihə üzrə 1500 kubmetr tutumunda su anbarının tikintisi yekunlaşıb.

Layihə tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki 1000 hektar torpaq sahəsi ilə yanaşı, ümumilikdə 3000 hektara yaxın suvarılan ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Məlumata görə, “Araz-2” nasos stansiyasını su ilə təmin edəcək təzyiqli su xəttinin 5300 metrlik hissəsi artıq hazırlanıb. Ümumilikdə isə uzunluğu 16,3 kilometr, diametri 1200 millimetr olan təzyiqli boru xəttinin çəkilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilir.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov