Mədəniyyət Nazirliyində tarixi abidələrin qorunması ilə bağlı tədbir keçirilib - FOTO
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələrini qorumaq vətəndaşlıq borcumuz və konstitusion vəzifəmizdir” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə məsələlərinə toxunulub, bu sahədə hər bir Azərbaycan vətəndaşının üzərinə düşən vəzifə və mənəvi məsuliyyət vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.












