"Naxçıvanım mənim” konsert proqramı təqdim olunub -

"Naxçıvanım mənim” konsert proqramı təqdim olunub - FOTO

20 Oktyabr 2026

Oktyabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının təşkilatçılığı ilə ilk dəfə “Naxçıvanım mənim” adlı konsert proqramı təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsertdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Əməkdar incəsənət xadimi Nazim Quliyev, Nazirlik Aparatının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, bəstəkarlar,  müəllimlər, tələbələr və şəhər sakinləri iştirak ediblər.

Musiqili gecənin giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Bəstəkarlar Təşkilatı İdarə Heyətinin üzvü Günay Məmmədova açaraq Naxçıvanda formalaşmış bəstəkarlıq məktəbindən, bu sahənin inkişafında xidmətləri olan sənətkarlardan danışıb, Bəstəkarlar Təşkilatının sıralarının gənc bəstəkarlarla genişləndiyini diqqətə çatdırıb.

Konsert proqramı Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin “Nəqşi-cahan” baletindən “Uvertüra” əsəri ilə başlayıb. Əsəri orkestrin bədii rəhbəri və dirijoru Hakim Məmmədov idarə edib.

Musiqi şölənində Naxçıvan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov və Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbinin şagirdi Leyla Kərimli təqdim etdikləri Nazim Quliyevin “Yavrum adın nədir?” əsəri maraqla qarşılanıb.

Daha sonra Hakim Məmmədovun “Gözüm aydın”, “Naxçıvanım” və “Elegiya”, Vidadi Heydərovun “Düşüncə” və “Doğma Naxçıvanım”, Nazilə Qardaşbəyovanın “Doğma Naxçıvan”, Sevinc Məmmədovanın “Azərbaycan əsgərim”, Cəlaləddin Əliyevin “Müəllim ömrü”, Elman Əliyevin “Can məkanım” əsərləri səsləndirilib. Konsert proqramının sonunda “Naxçıvan şikəstəsi” ifa olunub.

Əsərləri Naxçıvan Dövlət Filarmoniyasının solistləri Ruhiyyə Hüseynova, İlkin Abdullayev, Samir İsmayılov, Afət Babayeva, Zülfiqar Mahmudov, Əfsun Məmmədov(tar),Naxçıvan Musiqi Kollecinin müəllimi Humay Əhmədova(piano), eləcə də Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri və xor kollektivi təqdim edib.

Doğma yurda məhəbbəti, milli musiqi ənənələrini və Naxçıvan bəstəkarlarının yaradıcılığını əks etdirən əsərlər dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsert proqramı Naxçıvan bəstəkarlarının yaradıcılığının təbliği, milli musiqi irsinin qorunması və yerli bəstəkarların əsərlərinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyət daşıyıb.

Sonda kollektivlə görüş olub, xatirə şəkili çəkdirilib.