Ordubadda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib -

Ordubadda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO

20 Oktyabr 2026

Ordubad Rayon İcra Hakimiyyətində “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Emin Mehbalıyev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında vətəndaşların dövlət qarşısında daşıdıqları vəzifə və mənəvi məsuliyyətə toxunub. O, vətəndaşlıq borcunun və konstitusion vəzifələrin mahiyyəti, hüquqauyğun davranışın cəmiyyət və şəxsiyyətin mənafelərinin qorunmasındakı rolu barədə məlumat verib.

Daha sonra Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin əməkdaşı, polkovnik-leytenant Vüsal Əliyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev mövzu ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.