Naxçıvanda gənc rəssamın ilk fərdi sərgisi keçirilib - FOTO
Oktyabrın 16-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Musiqi Kollecinin tələbəsi, gənc rəssam Nilufər Quluzadənin “Ruhumdan bir parça” adlı ilk fərdi sərgisi keçirilib. İncəsənət nümayəndələri, tələbə və sənətsevərlərin qatıldığı sərginin açılış tədbirində gənc rəssamın 30-dan artıq əsəri sərgilənib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qalereyanın direktoru Hökümə Məmmədli, Ali Məclisin deputatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva, rəssam Qəhrəman Tağıyev, Naxçıvan Musiqi Kollecinin müəllimi Anar Əlizadə və digər çıxış edənlər gənc rəssamın sənətə olan sevgisindən danışıb, tövsiyələrini bölüşüblər.
Qeyd olunub ki, Nilufər Quluzadə realist üslubda işlənmiş əsərlərində portret, natürmort və mənzərə janrlarına müraciət edib. Sərgilənən əsərlər gənc rəssamın yaradıcılıq axtarışlarından xəbər verir. Nilufər təsviri sənətlə sıx bağlı ailədə böyüyüb. Bu yaradıcılıq mühiti onun estetik zövqünün formalaşmasında mühüm rol oynayıb.
Çıxış edənlər gənc rəssamı təbrik edib, ona sənət yolunda uğurlar arzulayıblar.
Sonra sərgi iştirakçıları Nilufər Quluzadənin yaradıcılıq dünyası ilə yaxından tanış olublar.











