Naxçıvanda tekstil sənayesinə investisiya imkanları müzakirə olunub - FOTO
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev tekstil sahəsinin nümayəndələri və investorlarla görüş keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova, Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının vitse-prezidenti, DİKTAŞ şirkətinin rəhbəri Mustafa Denizer, “Azəripək” ASC-nin idarə heyətinin sədri Anar Dadaşev, “Prime Cotton” MMC-nin baş icraçı direktorunun müavini Həşim Əliyev və GİLTEKS MMC-nin baş əməliyyat direktoru Ali Hikmet Karaoğlu ilə görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf perspektivləri haqqında məlumat verilib. Qeyd olunub ki, regionun əlverişli coğrafi mövqeyi, istehsal imkanları və dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən güzəştlər və dəstək mexanizmləri tekstil sənayesinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Nazir Kazım Hüseynəliyev investorları bu imkanlardan səmərəli istifadə etməyə və muxtar respublikaya sərmayə yatırmağa dəvət edib.
Qonaqlar muxtar respublikanın tekstil sənayesinin inkişafına töhfə vermək niyyətində olduqlarını, bu məqsədlə investisiya qoyulması imkanlarını nəzərdən keçirdiklərini bildiriblər. Naxçıvan Muxtar Respublikasında istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi potensialının mövcud olduğu qeyd olunub.
Görüş zamanı tekstil sahəsində potensial əməkdaşlığın reallaşdırılması istiqamətində atıla biləcək addımlara dair qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.










