AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, tədbirdə Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə akademiyanın müxbir üzvü İsmayıl İsmayılova AMEA-nın Fəxri fərmanı təqdim olunub.
İclasda müzakirəyə çıxarılan ilk məsələ “2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub. Məsələ ilə bağlı akademik İsa Həbibbəyli çıxış edib.
Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını diqqətə çatdırıb.
Tədbirlər planında Qafqaz Albaniyasının tarixinə və maddi-mədəni irsinə dair respublika mediasında, radio və televiziyalarda populyar məqalələr ilə çıxışların edilməsi, elmi həqiqətlərin geniş oxucu kütləsinə, tamaşaçı və dinləyici auditoriyasına çatdırılması, Qafqaz Albaniyasının tarixi-coğrafiyasına dair müasir tələblərə cavab verən kartoqrafik materialların hazırlanması, Qafqaz Albaniyasının tarixinə və etnologiyasına dair epiqrafik və etnoqrafik materialların toplanılması üçün növbəti ildən etibarən tarixi-etnoqrafik ekspedisiyaların təşkil edilməsi, Qafqaz Albaniyasının irsinə aid arxeoloji tədqiqatların multidissiplinar modeldə təşkili və arxeoloji ekspedisiyaların genişləndirilməsi və digər bəndlər yer alıb. Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.
İclasda müzakirə edilən növbəti məsələlər “2026-cı il üzrə AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatların hazırlanması haqqında” və “2026-cı il üzrə AMEA-nın elmi müəssisələrinin elmi və elmi-təşkilati fəaliyyətinin bal sistemi əsasında rəqəmsal hesabatının pilot qaydada tətbiqi haqqında” olub. Növbəti məsələ AMEA-nın VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığının vəziyyəti haqqında olub.
Tədbirdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi və Qafqaz tarixi şöbələrinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Dünya və Qafqaz tarixi şöbəsinin yaradılması haqqında qərar qəbul olunub. Həmçinin Rəyasət Heyətinin qərarı ilə Möhübbət Orucov AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin rəqəmsal inkişaf üzrə direktor müavini vəzifəsinə təsdiq edilib. Bundan əlavə, AMEA-nın müxbir üzvü Telman Qurbanovun 90, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin isə 80 illik yubileyi haqqında qərarlar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik Arif Həşimov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, biologiya elmləri doktoru Tubuxanım Qasımzadə, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli 8 Noyabr - Zəfər Gününün AMEA-nın elmi müəssisə və təşkilatlarında yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.








