Naxçıvanda “Zirvə” antologiyasının təqdimatı keçirilib - FOTO
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, dövlət və hökumət nümayəndələri, ziyalılar və tələbə-gənclər iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxışında belə tədbirlərin təhsil müəssisələrində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, şəhid və qazilərin qəhrəmanlıq yolundan bəhs edən kitabların təhsil müəssisələrində təqdim olunması və kitabxanalara hədiyyə edilməsi tələbələrin vətənpərvərlik ruhunda yetişməsinə, öz qəhrəmanlarını daha yaxından tanımasına mühüm töhfə verir.
“Zərif Qadınlar” ədəbi qrupunun təsisçisi və rəhbəri Təranə Arifqızı qrupun məqsəd və məramından danışıb. Layihənin rəhbəri, şair-publisist Sevil Gülnur isə “Zirvə” antologiyasının ideyası və məzmunu barədə məlumat verib. Qeyd olunub ki, kitabda ölkəmizin müxtəlif regionlarından olan şəhidlərin və qazilərin həyat və döyüş yoluna həsr edilmiş 24 müəllifin məqalə və şeirləri yer alıb.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatının şöbə müdiri İsmayıl Gülməmmədov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi Bəxtiyar Əliyev və Naxçıvan Qaziləri İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Əli Əlisoy çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının və qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıblar.
Milli Qəhrəman Yusif Mirzəyevin bacısı Naibə xanım, şəhid Rasim Məmmədovun anası Nazilə ana və digər şəhid anaları da ürək sözlərini bölüşüblər. Çıxış edənlər layihə rəhbərinə, Təranə Arifqızına, Sevinc Səbzəliyevaya və tədbirin təşkilində əməyi olanlara təşəkkürlərini bildiriblər.
Mərasimdə aktyor Zakir Fətəliyev Təranə Arifqızının vətənpərvərlik mövzusunda qələmə aldığı şeirləri səsləndirib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri isə bədii kompozisiya ilə çıxış ediblər.
Sonda “Zirvə” antologiyası qonaqlara təqdim olunub və xatirə fotoları çəkdirilib.













