“Ən aktiv oxucularımızı tanıyaq” layihəsi üzrə ilk görüş keçirilib -

“Ən aktiv oxucularımızı tanıyaq” layihəsi üzrə ilk görüş keçirilib - FOTO

22 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən nazirlik sistemində fəaliyyət göstərən kitabxanalar üzrə “Ən aktiv oxucularımızı tanıyaq” layihəsinə start verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihənin məqsədi cəmiyyətdə mütaliə mədəniyyətini təşviq etməkdən və oxucu fəallığını stimullaşdırmaqdan, eləcə də kitabxanalardan mütəmadi istifadə edən və  mütaliəyə xüsusi maraq göstərən oxucuları müəyyənləşdirməkdən ibarətdir.

Layihə çərçivəsində ən aktiv oxuculara kitablar hədiyyə olunur və onlar mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında özləri və ailə üzvləri ilə birlikdə ödənişsiz iştirak etmək imkanı əldə edirlər.

Oktyabrın 22-də Kəngərli rayonunun Qarabağlar kəndində layihə üzrə ilk tədbir - ən aktiv oxucu ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov kənd sakini, 92 yaşlı şəhid atası Bağırov Abbas Məhərrəm oğlunun evində olub, layihənin məqsədindən bəhs edib, təbriklərini çatdırıb, ona Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxr Fərmanını və kitablar təqdim edib. Həmçinin Abbas Bağırov və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənşsiz iştirak etmək imkanı əldə ediblər.

Qeyd edək ki, “Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin ilk iştirakçısı Abbas Bağırov 2025-ci ildə kitabxanalardan istifadə edərək 53, 2026-cı ilin ötən dövründə isə 63 kitab oxuyub.