Rəssam Nizami Məmmədovun 60 illik yaradıcılığına həsr olunmuş sərgi açılıb - FOTO
Oktyabrın 22-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Nizami Məmmədovun 60 illik yubileyinə həsr olunmuş “Rənglərdə yaşayan rəssam ömrü” adlı sərgi açılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov, Milli Məclisin deputatı, rəssam, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, mədəniyyət və ictimaiyyət nümayəndələri, rəssamın sənət dostları və şagirdləri iştirak ediblər. İştirakçılar əvvəlcə rəssamın yaradıcılıq dünyasını əks etdirən əsərlərlə tanış olublar.
Sərgidə Nizami Məmmədovun və şagirdlərinin 60 əsəri nümayiş olunur.
Tədbirdə çıxış edən Fazil Məmmədov Azərbaycan təsviri sənətinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən, ölkəmizdə rəssamlıq ənənələrinin qorunması və inkişafına göstərilən dövlət qayğısından bəhs edib. Naxçıvanın zəngin sənət ənənələrinə diqqət çəkən nazir müavini Nizami Məmmədovun yaradıcılığının, doğma yurdun gözəlliklərini sənətində əks etdirməsinin, eləcə də pedaqoji fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Rəssamı 60 illik yubileyi və sərginin açılışı münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.
Daha sonra Fazil Məmmədov Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını Nizami Məmmədova təqdim edib.
Rəssam Ülviyyə Həmzəyeva çıxışında Nizami Məmmədovun yaradıcılıq fəaliyyəti və sərgiləri haqqında danışıb. Bildirib ki, rəssamın müxtəlif illərdə təşkil olunan sərgiləri onun sənət yolunun ayrı-ayrı mərhələlərini izləməyə imkan verir.
Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbinin direktoru Ceyhun Süleymanlı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri Həmzə Sadiqov və Həsən Qurbanov, eləcə də Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbinin şagirdi Xədicə Aslanova çıxış edərək Nizami Məmmədovu yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb, rəssamın yaradıcılıq və pedaqoji fəaliyyətindən, təsviri sənətə verdiyi töhfələrdən bəhs ediblər.
Tədbirin sonunda rəssam Nizami Məmmədov yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sərginin sonunda ənənəyə sadiq qalaraq Nizami Məmmədov əsərlərindən birini Naxçıvan Dövlət Rəsm Qalereyasına, digərini isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə hədiyyə edib.













