Britaniya səfiri: Naxçıvan mühüm turizm mərkəzinə çevrilə bilər
Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman Naxçıvanın turizm, yaşıl enerji, infrastruktur və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün böyük potensiala malik olduğunu bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, səfir bunu saytımıza müsahibəsində deyib.
Diplomat bildirib ki, Azərbaycandakı fəaliyyətinin ilk rəsmi səfərini Qarabağa, ikinci səfərini isə Naxçıvana edib. Naxçıvanı seçməsinin əsas səbəblərindən biri bu torpağın Ümummilli Lider Heydər Əliyevin vətəni olmasıdır.
Səfər çərçivəsində Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi və digər rəsmi şəxslərlə görüşlər keçirən səfir dəmir yolu stansiyasına, eləcə də bir sıra muzey və mədəniyyət məkanlarına baş çəkib.
Duncan Norman Böyük Britaniya ilə Naxçıvan arasında əməkdaşlığın dörd əsas istiqamətini diqqətə çatdırıb. Bunların infrastruktur, yaşıl enerji, turizm və kənd təsərrüfatı olduğunu vurğulayıb.
O, xüsusilə dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə olunması və siqnalizasiya sistemləri sahəsində Britaniya təcrübəsindən yararlanmağın mümkünlüyünü qeyd edib. Həmçinin Naxçıvanın günəş enerjisi potensialının yüksək olduğunu bildirib.
“Naxçıvan mühüm turizm mərkəzinə çevrilə bilər. Son iki gün ərzində gördüyüm möhtəşəm muzeylər və mədəniyyət məkanları məndə belə bir əminlik yaradıb”, – deyə səfir vurğulayıb.
Diplomat əməkdaşlığın artıq konkret layihələrlə müşayiət olunduğunu da bildirib. Onun sözlərinə görə, Britaniyanın “Chapman Taylor” şirkəti Naxçıvan şəhərinin 20 illik Baş Planını hazırlayacaq. Bu layihə şəhərin gələcək inkişafına töhfə verməyi hədəfləyir.
Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərə toxunan səfir enerji sektorunun, xüsusilə BP şirkətinin ikitərəfli əlaqələrdə mühüm rol oynadığını, hazırda əməkdaşlığın yaşıl enerji, investisiya, ticarət, müdafiə və təhlükəsizlik sahələrini də əhatə etdiyini bildirib.
Duncan Norman təhsil sahəsində əməkdaşlıqdan da danışıb. O, “Chevening” təqaüd proqramının imkanlarının genişləndirilməsinin nəzərdən keçirildiyini və gələn il proqram çərçivəsində tam maliyyələşdirilən tələbələrin sayının artırılmasının gözlənildiyini qeyd edib.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan səfir sülh prosesinin yalnız iki ölkə üçün deyil, bütövlükdə region və dünya üçün əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, sülh prosesi tərəflər arasında ikitərəfli qaydada, dost ölkələrin dəstəyi ilə davam etdirilməlidir.
Səfir gələcək münasibətlərə dair gözləntilərini də bölüşüb:
“Mən Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını və daha sonra bu tərəfdaşlığın real nəticələr verməsini görmək istəyirəm. Daha sıx əməkdaşlıq etməyimizi, daha böyük nailiyyətlər əldə etməyimizi, investisiya, ticarət və kommersiya əlaqələrimizi gücləndirməyimizi arzulayıram”.
O, Böyük Britaniya ilə Azərbaycanın qarşıdakı illərdə daha sıx tərəfdaşlıq münasibətləri quracağına ümid etdiyini bildirib.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








