Naxçıvan Regional DOST Mərkəzinə 8 minə yaxın müraciət daxil olub
2026-cı il avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən Naxçıvan Regional DOST Mərkəzinə indiyədək vətəndaşlardan 8 minə yaxın müraciət daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Regional DOST Mərkəzinin direktor müavini Şamil Əliyev jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, ölkə üzrə 8-ci DOST mərkəzi olan müəssisədə 15 istiqamət üzrə 164 xidmət göstərilir. Mərkəzdə vətəndaş məmnunluğu göstəricisi 99 faizdən yüksəkdir. Daxil olan müraciətlərin əksəriyyəti sosial müdafiə, pensiya və məşğulluq məsələləri ilə bağlıdır.
Şamil Əliyevin sözlərinə görə, vətəndaşlar müxtəlif nazirlik və qurumlara ayrıca müraciət etmədən, vahid məkanda “bir pəncərə” prinsipi əsasında xidmətlərdən yararlana bilirlər. Əsas fəaliyyət istiqamətləri ilə yanaşı, mərkəzdə funksional və yardımçı xidmətlər də təqdim olunur.
Direktor müavini əlavə edib ki, 2026–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində xidmətlərin əlçatanlığını artırmaq məqsədilə DOST qəbul şöbələrinin yaradılması planlaşdırılır.








