Azərbaycan-Gürcüstan Milli Müdafiə Universitetləri arasında təcrübə mübadiləsi aparılıb
Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Gürcüstan Milli Müdafiə Akademiyası rəisinin birinci müavini polkovnik İmeda Gvritshvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyəti institutun rektoru polkovnik Elnur Ələsgərli ilə görüşüb.
Görüşdə Azərbaycanın hərbi təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib.
Tərəflər, həmçinin hərbi təhsilin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Qarşılıqlı hədiyyə mübadiləsindən sonra xatirə fotosu çəkdirilib.








