Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb

Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb

05 Noyabr 2026

Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir.

Fərmanla, həmçinin Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500,0 (beş yüz) min manat vəsait ayrılıb.