Yasin İsmayılov: Naxçıvanda bol yağıntılar məhsuldarlıq gözləntilərini artırıb
Naxçıvanda bol yağıntılar məhsuldarlıq gözləntilərini artırıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Kənd təsərrüfatı Nazirliyinin əməkdaşı Yasin İsmayılov müsahibəsində bildirib.
O, qeyd edib ki, cari ildə Naxçıvan Muxtar Respublikasında müşahidə olunan intensiv yağıntılar kənd təsərrüfatı sahəsində əlverişli şərait formalaşdırıb. Yağan yağışlar nəticəsində torpaqda rütubət ehtiyatları artıb, çaylarda sululuq səviyyəsi yüksəlib, su anbarları dolub və əkin sahələrinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Mövcud vəziyyət kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərərək məhsuldarlığın yüksəlməsi üçün əlverişli zəmin yaradıb. Xüsusilə taxıl, tərəvəz, bostan və yemlik bitkilərin becərildiyi sahələrdə yağıntıların təsiri daha qabarıq hiss olunur.
Muxtar respublikada 12555,2 hektar sahədə payızlıq, bugünə olan məlumata əsasən isə 4080 hektar sahədə yazlıq əkin aparılıb. Yazlıq əkinlərin strukturunda 1255 ha taxıl, 788 ha tərəvəz, 657 ha qarğıdalı, 266 ha bostan və 1063 ha yemlik bitkilər üstünlük təşkil edir.
Yağıntılar bitkilərin vegetasiya dövründə su təminatını yaxşılaşdırmaqla yanaşı, torpaqda məhsuldarlıq üçün vacib olan rütubət ehtiyatının formalaşmasına da müsbət təsir göstərib. Xüsusilə taxıl, tərəvəz, bostan və yemlik bitkilərdə inkişafın sürətlənməsi və məhsuldarlığın yüksəlməsi üçün əlverişli şərait yaranıb. Mövcud vəziyyət nəzərə alınaraq cari ildə bu bitki qrupları üzrə məhsuldarlığın ötən illərlə müqayisədə daha yüksək olacağı gözlənilir. Xüsusilə yemlik bitkilərdə yaşıl kütlənin artması heyvandarlığın yem bazasının möhkəmləndirilməsinə də müsbət təsir göstərəcək.
Bununla yanaşı, intensiv yağıntılar kənd təsərrüfatında müəyyən risklər də yaradıb. Rütubətli hava şəraiti alaq otlarının daha sürətlə inkişaf etməsinə səbəb olub, bu isə bəzi ərazilərdə əlavə aqrotexniki tədbirlərin görülməsini zəruri edib. Həmçinin yüksək rütubət göbələk mənşəli xəstəliklərin, xüsusilə taxıl və tərəvəz bitkilərində pas, unlu şeh, kök və gövdə çürümələri kimi xəstəliklərin yayılma riskini artırıb.
Ayrı-ayrı günlərdə müşahidə olunan dolu hadisələri bəzi ərazilərdə meyvə bağlarına, tərəvəz sahələrinə və digər kənd təsərrüfatı bitkilərinə qismən ziyan vurub. Bundan əlavə, uzunmüddətli yağıntılar dərmanlama işlərinin vaxtında aparılmasına müəyyən maneələr yaradır.
Bütün bunlara baxmayaraq, ümumi qiymətləndirmələr göstərir ki, cari ildə müşahidə olunan yağıntıların kənd təsərrüfatına təsiri əsasən müsbət olub. Su ehtiyatlarının artması, torpaqda kifayət qədər rütubətin toplanması və bitkilərin normal inkişafı üçün yaranmış əlverişli şərait yüksək məhsul əldə olunacağına dair gözləntiləri artırır.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








