Elbrus İsayev: "Qərbi Azərbaycana qayıdış” Festival-Konqresinə hazırlıq işləri tamamlanır
“Qərbi Azərbaycana qayıdış” Festival-Konqresinə hazırlıq mərhələsində əsasnamə hazırlanıb, Elmi və Təşkilat komitələri formalaşdırılıb, həmçinin tədbirin rəsmi saytı yaradılıb.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında NDU-nun rektoru Elbrus İsayev deyib.
Rektor bildirib ki, festival-konqresdə əslən Qərbi Azərbaycandan olan vətəndaşlar, respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri, həmçinin Qərbi Azərbaycan İcması, Azərbaycan və Türkiyənin elm-təhsil müəssisələrinin nümayəndələri təmsil olunacaqlar.
Onun sözlərinə görə, tədbirdə Azərbaycan və xarici ölkələrin aparıcı universitetlərinin rektorları, millət vəkilləri, akademiklər, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.
Elbrus İsayev qeyd edib ki, festival-konqres çərçivəsində müxtəlif mövzularda mühazirələr, ustad dərsləri, dəyirmi masalar, film və kitab təqdimatları keçiriləcək. Elektron poçt vasitəsilə təqdim olunan məqalə və tezislər rəyçilərin qiymətləndirməsindən sonra qəbul ediləcək, konqresdə iştirak isə yalnız əyani formada təşkil olunacaq.
Rektor əlavə edib ki, “Qərbi Azərbaycana qayıdış” elmi konfransı 8 istiqamət üzrə keçiriləcək.








