Ailəmiz milli-mənəvi dəyərlərimizin yaşadıldığı ocaqdır

Ailəmiz milli-mənəvi dəyərlərimizin yaşadıldığı ocaqdır

15 May 2026

Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində qəbul olunmuş bir sıra Dövlət proqramlarına əsasən müxtəlif tədbirlər həyata keçirilməkdədir. Çünki gənclərin milli ruhda formalaşdırılması onların ailə həyatının da milli-mənəvi dəyərlərə söykənərək qurulmasını təmin edən əsas amil kimi çıxış edir. Bildiyiniz kimi BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən başlanaraq hər il may ayının 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan Respublikasında 2008-ci ildən qeyd edilməyə başlanılmışdır. Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsəd daşıyır.

Milli-mənəvi dəyərlər əsasında formalaşan Azərbaycan ailəsi cəmiyyətin əsas dayaqlarından biri kimi milli irsin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Beynəlxalq Ailə Gününün qeyd olunması ailə dəyərlərinin təbliği, ailə institutunun möhkəmləndirilməsi və bu sahədə birgə fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda formalaşmış ailə modeli qarşılıqlı hörmət, sədaqət, məhəbbət, dürüstlük və valideynlərə ehtiram kimi ali mənəvi prinsiplərə əsaslanır. Ölkəmizdə ailə dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasını isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndər ailəni cəmiyyətin təməl institutu kimi dəyərləndirir, qadın və uşaq hüquqlarının müdafiəsini, gender bərabərliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlayırdı.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi də gənclərimizə örnək, ən gözəl nümunədir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi.. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır” -  deyən Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq milli dəyərlərimizin qorunub yaşadılmasına, ailə dəyərlərinə qayğı ilə yanaşıbdır.

Ulu Öndərin ölkəmizə ikinci dəfə siyasi hakimiyyəti dövründə ailə siyasətinin formalaşdırılması ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konistitusiyasında göstərilir ki, ailə dövlətin xüsusi himayəsindədir. Həmçinin 34-cü maddədə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun müəyyən edilməsi, nikahın könüllü razılıq əsasında bağlanılmasının təsbit edilməsi ailənin mənəvi sağlam əsaslar üzərində qurulmasını təmin edir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasında ailə münasibətlərinin hüquqi təməli 1999-cu ildə qəbul edilmiş Ailə Məcəlləsi ilə qoyulmuşdur. Bu mühüm sənəd ailə institutunun möhkəmləndirilməsi, münasibətlərin qarşılıqlı sevgi və hörmət əsasında qurulması, habelə ailədaxili işlərə kənar müdaxilələrin qarşısının alınması kimi ali prinsipləri rəhbər tutur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ümummilli Liderin bizə miras qoyduğu bu zəngin irsi layiqincə davam etdirir. Ölkə Prezident cənab İlham Əliyev nitqlərinin birində deyib: “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Çünki biz görürük ki, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlər gözdən salınır, bizim üçün yad olan, milli təfəkkürümüzə uyğun olmayan yeni dəyərlər aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə də hesab edirəm ki, ənənəvi dəyələrin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Xalqımızın yaşaması üçün, mənliyinin, qürurunun qorunması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”. Dövlət başçısının çıxışlarında ailə institutunun möhkəmləndirilməsi, milli və mənəvi dəyərlərin yaşadılması, sağlam və dayanıqlı ailə modelinin formalaşdırılması daim prioritet kimi vurğulanır. Eyni zamanda ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar layihələr ailə institutunun gücləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsinə mühüm töhfələr verir.

Bu gün ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da dövlətin  ailə, qadın və uşaq siyasəti böyük uğurla həyata keçirilir. Ümumi statistikaya nəzər saldıqda görürük ki, 2001-ci ildən etibarən muxtar respublikada 81 şəhid ailəsi, 189 qazi ailəsi mənzillə təmin olunub.

Ölkəmizdə aztəminatlı ailərin özünüməşğulluğunu təmin etmək məqsədilə  sosialyönümlü layihələr həyata keçirilmiş, ailələrə aktivlər verilmişdir ki, bu da onların rifah halının yaxılaşdırılmasına xidmət etmişdir. Ümumilikdə 4 dəfə olmaqla Komitə tərəfindən keçirilən layihələr çərçivəsində 192 qadına 156 min 250 manat dəyərində sərmayə kapitalı verilmişdir. Verilmiş sərmayə kapitalının 80 faizi ailə təsərrüfatlarının, 20 faizi isə dərzilik, toxuculuq, xalçaçılıq, dekorativ tətbiqi sənət, bərbərlik, heykəltaraşlıq fəaliyyət sahələrinin qurulması və ya genişləndirilməsi üçün verilmişdir. Hal-hazırda həmin qadınlar təyinatları üzrə fəaliyyətlərini inkişaf etdirərək məşğul olduqları sahəni genişləndirmişlər.   Onların istehsal etdikləri məhsulların və hazırladıqları əl işlırinin satışına Komitə tərəfindən daima dəstək göstərilir. Belə ki, 2025-ci il ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 244 şəxsin 28 min 304 manat dəyərində 4129 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilib. Cari il ərzində  də bu tədbirlər davam etdirilib, ötən 5 ay ərzində 12 min 53 manat dəyərində 2675 əl işi satılıbdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq məsələləri istiqamətdə sistemli fəaliyyət göstərərək, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasını prioritet vəzifə hesab edir. Komitənin fəaliyyətinin əsas istiqamətlərindən biri cəmiyyətdə seçilən nümunəvi ailələrin müəyyən edilməsi, onların həyat təcrübəsinin mediada işıqlandırılması və gənclərə nümunə göstərilməsi istiqamətində sağlam ailə modeli təşviq edilir,  həmçinin erkən nikahların və qohum evliliklərinin yarada biləcəyi fəsadlar barədə əhali arasında ciddi maarifləndirmə işləri aparılır.  Eyni zamanda uzunömürlü ailə nümayəndələri ilə gənclərin görüşlərinin təşkili, köklü ailə ənənələrinin yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Sağlam ailə mühitinin formalaşdırılması, uşaqların düzgün tərbiyəsi və reproduktiv sağlamlıq mövzularında Kütləvi İnformasiya Vasitələrində mütəmadi çıxışlar və proqramlar təşkil olunur. Həyata keçirilən bu çoxşaxəli tədbirlərin əsas məqsədi ailə institutunu qorumaq, sağlam və yüksək mənəviyyatlı gələcək nəsillərin yetişməsinə töhfə verməkdir.

Komitə tərəfindən uşaq problemləri sahəsində internetdən səmərəli istifadə, erkən nikahın fəsadları, uşaq hüquq və vəzifələri, ailə, məktəb və cəmiyyət münasibətləri, uşaq əməyinin istismarının qarşısının alınması, zərərli vərdişlərin fəsadları, sağlam həyat tərzi, milli dəyərlərin qorunması, sanitar-gigiyenik vəziyyət və mediasiyanın perspektivləri ilə bağlı müxtəlif tədbir, təlim və seminarlar keçirilmişdir.

Həmçinin qadınların hüquqlarının qorunması, qadın əməyinin təşviqi, ana və uşaq sağlamlığı, selektiv abortların qarşısının alınması, qadınlara qarşı zorakılıqla mübarizə və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif maarifləndirici tədbirlər keçirilmişdir. Eyni zamanda Komitə ailə məsələləri ilə bağlı da maarifləndirmə və dəstək məqsədilə ardıcıl tədbirlər həyata keçirmişdir ki, erkən və qohum nikahların fəsadları, ailədaxili münasibətlərdə hüquqların müdafiəsi, məişət zorakılığına qarşı mübarizə, reproduktiv sağlamlıq, gender bərabərliyi, mediasiyanın tətbiqi, ailə münaqişələrinin həlli, aliment məsələləri, sağlam ailə münasibətləri və şəxsi inkişaf istiqamətində təlim və tədbirlər yer almışdır.

“15 sentyabr – Bilik Günü” ilə əlaqədar Komitə tərəfindən aid təşkilatlarla birgə sosial qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən çoxuşaqlı ailənin, təkvalideynli, hər iki valideynini itirmiş və qazi övladı olmaqla 73 nəfər uşağa məktəbli geyim formaları və dərs ləvazimatları verilib. Həmçinin muxtar respublikanın şəhər və rayonlarını əhatə etməklə, ümumilikdə, xüsusi qayğıya ehtiyacı olan 50 uşağa qış geyimi verilib. Eyni zamanda 2024/2025-ci tədris ilində muxtar respublikanın ümumtəhsil müəssisələrini bitirib ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 6 uşaq, 1 şəhid övladı  və sağlamlıq imkanları məhdud 20 uşaq olmaqla, ümumilikdə, 27 uşaqla Komitədə görüş keçirilib, Komitə tərəfindən onlara hədiyyələr təqdim edilib. Göründüyü kimi xüsusi qayğıya ehtiyacı olan ailələrə qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Dövlətimiz tərəfindən görülən bu işlər cəmiyyətin əsas atributu olan ailələrin rifah halının gündən-günə daha da yaxşılaşdırılmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.       Komitə tərəfindən muxtar respublikada ailə institutunun qorunub saxlanılması, münaqişəli ailələrlə işlərin aparılması, həmçinin məişət zorakılığı hallarının qarşısının alınması məqsədilə tədbirlər görülüb. Belə ki, ötən il ərzində ailə-məişət zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan 98 münaqişəli ailədə görüşlər keçirilib, onlarla söhbətlər aparılıb, əksər ailələr arasında məsələlər müsbət həll olunubdur.        

Xüsusi olaraq  bildirilir ki,  Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 8.10.4-cü “Əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrinə aid fəaliyyətin təşkilinin və dövlət xidmətlərinin inkişaf etdirilməsi” bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın 8.10.4.1.1-ci və 8.10.4.2.5-ci bəndlərində Regional Ailə Mərkəzlərinin yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması tapşırığı verilib. Eyni zamanda Regional Ailə Mərkəzlərinin yaradılması bəndinin icrasını təmin etmək məqsədilə ailədaxili sosial və psixoloji işin təşkili üçün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Regional Ailə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Məlumat üçün bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində yaradılacaq Şərur Regional Ailə Mərkəzi Sədərək, Kəngərli və Şərur rayonlarının əhalisinə, (ümümilikdə 169 minə yaxın əhaliyə), Culfa Regional Ailə Mərkəzi Culfa və Ordubad rayonlarının əhalisinə (ümumilikdə 98 mindən artıq əhaliyə) xidmət etməsi nəzərdə tutulur.  Hazırda Şərur və Culfa Regional Ailə Mərkəzlərinin layihə-smeta sənədləri hazırlanmış və ekspertiza mərhələsindədir. Bu mərkəzlərin yaradılması ailələrin dəstəklənməsi mexanizmlərinin daha da gücləndirilməsinə, əhalinin sosial xidmətlərə əlçatanlığının artırılmasına mühüm töhfə verəcəkdir.

Görülən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında ailə institutunun inkişafı, qadın hüquqlarının müdafiəsi və onların cəmiyyətdə rolunun artırılması istiqamətində davamlı sosial-iqtisadi mexanizmlərin formalaşdırılması təmin edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilmişdir. Həmin qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, eləcə də şəhər və rayon icra hakimiyyətlərində müvafiq monitorinq və əlaqələndirmə qrupları yaradılmışdır. Bu isə muxtar respublikada həyata keçirilən dövlət ailə siyasətində mənfi halların qarşısının alınması və sağlam ailə mühitinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.  

Bildirilir ki, ötən il ərzində ailə, qadın və uşaq məsələləri ilə bağlı ümumilikdə, 2 konfrans, 4 iclas, 2 festival, 159 tədbir, 155 görüş, 99 monitorinq, 50 təlim, 9 seminar, 6 sərgi-satış, 3 ustad dərsi, 3 ekskursiya və 4 müsabiqə keçirilmişdir. Keçirilən tədbirlərdən 5135 kişi və 8362 qadın olmaqla 13497 nəfər yararlanmış, 8936 təbliğat materialı paylanılmışdır.

Mənəvi dəyərlər üzərində qurulan Azərbaycan ailəsi kiçik bir dövlət kimi çıxış edir. Bu model milli kimliyimizin qorunmasında, ənənələrimizin gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır. Məhz belə möhkəm təməl üzərində qurulan ailələr sağlam cəmiyyətin formalaşmasına zəmin yaradır. Bu gün Azərbaycanın milli varlığını qoruyub saxlamasında da həmin dəyərlərə sadiqlik əsas rol oynayır. Gənc nəslin milli ruhda, vətənpərvərlik hissi ilə tərbiyə olunması isə bu siyasətin məntiqi davamıdır. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət, igidlik və vətənpərvərlik ruhu məhz bu sağlam ailə tərbiyəsinin, milli-mənəvi dəyərlərə sədaqətin bariz nümunəsidir. Qəhrəman övladlar yetişdirən Azərbaycan ailələri bu gün qürur mənbəyimizə çevrilmişdir. 

Bu gün Azərbaycan daha güclü, daha möhkəm və daha gələcəyə inamla addımlayan bir dövlətdir. Bu əlamətdar gündə bütün ailələrə möhkəm birlik, sağlamlıq, xoşbəxtlik və rifah arzulayırıq. Qoy hər bir evdə sevgi, sülh və qarşılıqlı hörmət daim hakim olsun. Ulu Öndərimizin bizə miras qoyduğu ailə dəyərləri daim qorunsun və gələcək nəsillərə ən dəyərli miras kimi ötürülsün.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti