Şəhid Ailələri İctimai Birliyi Bakıdakı naxçıvanlı şəhid ailəsini ziyarət edib -

Şəhid Ailələri İctimai Birliyi Bakıdakı naxçıvanlı şəhid ailəsini ziyarət edib - FOTO

15 May 2026

Naxçıvan Şəhid Ailələri İctimai Birliyi tərəfindən Bakı şəhərində yaşayan naxçıvanlı şəhid ailələrinin ziyarəti davam etdirilir. Bu çərçivədə Birliyin təsisçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov Nəsimi Rayon İcra Hakimiyyətinin aparatının əməkdaşları ilə birlikdə II Qarabağ müharibəsi şəhidi Rauf Səxavət oğlu Əliyevin ailəsini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onun həyat yolu, Vətənə bağlılığı və döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışılıb. Qeyd edilib ki, Culfa rayonunun Əbrəqunus kəndindən olan Rauf Əliyev savadı, yüksək dünyagörüşü və vətənpərvərliyi ilə seçilən gənclərdən biri olub.

Azərbaycan Texniki Universitetində təhsil alan, proqramçı kimi uğurlu fəaliyyət göstərən Rauf Əliyev həyatının ən məsuliyyətli anında Vətən çağırışını hər şeydən üstün tutaraq könüllü şəkildə cəbhəyə yollanıb. O, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə igidliklə iştirak edib, Hadrut uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ziyarət zamanı şəhidin valideynləri ilə səmimi söhbət aparılıb, Rauf Əliyevlə bağlı xatirələr dinlənilib. Bildirilib ki, şəhid ailələrinin ziyarət olunması, onların yanında olmaq və qəhrəman övladlarımızın xatirəsini yaşatmaq cəmiyyətimizin mənəvi borcudur.

Söhbət zamanı Rauf Əliyevin yalnız qəhrəman döyüşçü deyil, həm də savadlı və perspektivli bir gənc olduğu xüsusi vurğulanıb. Onun keçdiyi həyat yolu və göstərdiyi fədakarlığın bugünkü gənclər üçün əsl örnək olduğu qeyd edilib.

Sonda Naxçıvan Şəhid Ailələri İctimai Birliyi tərəfindən şəhidimizin ailəsinə xatirə plaketi təqdim olunub, Rauf Əliyevin əziz ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.