Sirab kəndində artezian su xəttinin yenilənməsi işləri aparılır -

Sirab kəndində artezian su xəttinin yenilənməsi işləri aparılır - FOTO

01 İyul 2026

Babək rayonunun Sirab kəndində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində artezian su xəttinin yenilənməsi işləri davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda həyata keçirilən işlər çərçivəsində istismar müddətini başa vurmuş aşağı təzyiqli su boruları sökülərək, onların yerinə yüksək möhkəmliyə malik, 8 atmosfer təzyiqə davamlı, diametri 90 millimetr olan yeni borular quraşdırılır. Layihəyə əsasən su xəttinin ümumilikdə 300 metrlik hissəsinin yenilənməsi nəzərdə tutulur.

Görülən işlər nəticəsində su təchizatı sisteminin etibarlılığı artırılacaq, su itkilərinin qarşısı alınacaq və kənd sakinlərinin fasiləsiz, təhlükəsiz və keyfiyyətli içməli su ilə təminatı daha da yaxşılaşdırılacaq.

Qeyd edək ki, Babək rayonunda kommunal infrastrukturun müasirləşdirilməsi, yaşayış məntəqələrinin mühəndis-kommunikasiya təminatının gücləndirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl və mərhələli şəkildə davam etdirilir.