Naxçıvan Dövlət Teatrı və ənənənin müasirliklə rəqsi
Naxçıvan “Şərqin Qapısı” Teatr Festivalından təəssüratlar:
Naxçıvan Dövlət Milli Dram Teatrının dəvəti ilə qatıldığımız beş günlük “Şərqin Qapısı” Teatr Festivalı yalnız müxtəlif ölkələrdən sənət adamlarının bir araya gəldiyi beynəlxalq görüş deyildi; eyni zamanda teatrın öz kökləri ilə bağını qoparmadan necə müasirləşə biləcəyinə dair güclü estetik laboratoriya idi.
Naxçıvan Dövlət Milli Dram Teatrında “Cibimizdəki dəlilik” (“Cibimizdəki cinnət”) və “Kəloğlan” adlı tamaşalarım səhnələnsə də, bu günə qədər Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivinin Türkiyəyə etdiyi qastrollardan başqa öz doğma səhnələrində izləmək qismət olmamışdı. Festival çərçivəsində onların dəvəti ilə meddahlıq aktyor oyun ənənəmizi tanıtmaq və onları öz orijinal şəraitlərində izləmək böyük bir şans oldu.
Festivalın möhtəşəm bağlanışında səhnəyə gələn Üzeyir Hacıbəyovun ölməz əsəri “O olmasın, bu olsun”, Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru və direktoru Mir Qabil Əkbərovun yozumunda yalnız bir “musiqili komediya” olaraq qalmırdı; epik, xalqçı və ritualistik qatları ilə yaşayan bir teatr şöləninə çevrilirdi.
Bu səhnələşdirmə tamaşaçını sadəcə güldürən və ya əyləndirən bir layihə deyildi. Əksinə; yaddaşı, ənənəni, meydan ruhunu və kollektiv enerjini yenidən hərəkətə gətirən teatral bir təcrübə idi.
Mətbəxdən gələn rejissor təfəkkürü
Mir Qabilin rejissorluğunu fərqli edən yalnız texniki uğuru deyil; teatrı daxildən, onun mətbəxindən, kulis qoxusundan və aktyor nəfəsindən tanıyan bir sənətkar olmasıdır. Naxçıvanın ustad aktyorlarından, xalq artisti adına layiq görülmüş dəyərli sənətçi Yasəmən Ramazanovanın məktəbindən keçərək yetişən Mir Qabil səhnəyə yalnız estetik məkan kimi deyil, yaşayan bir orqanizm kimi yanaşır. Ana və oğul bu gün də eyni teatrda fəaliyyət göstərirlər.
İzlədiyim tamaşada səhnədəki hər mizan yalnız vizual seçim deyil; ritm, enerji və aktyor psixologiyası ilə toxunmuş düşüncə kompozisiyası təsiri bağışlayırdı. Rejissurada hiss olunan ən mühüm ünsür isə cəsarət idi. Çünki Mir Qabil klassik mətni sadəcə qorumağa çalışan mühafizəkar xəttdə dayanmır, onu bu günün tamaşaçısı ilə yenidən danışdırmağı bacarır.
Xüsusilə videolarda da görünən hərəkətli səhnə dili, aktyorların bir-biri ilə qurduğu canlı hərəkət, səhnənin üfüqi və şaquli istifadəsindəki dinamizm rejissorun səhnəni ikiölçülü dekor sahəsi kimi deyil, nəfəs alan orqanizm kimi düşündüyünü açıq şəkildə ortaya qoyurdu.
Onun “Hamlet” yozumunu və həmin tamaşanın quruluşunu izləyə bilmədən geri dönmək məndə ciddi bir natamamlıq hissi yaratdı. Lakin gördüyümüz estetik dil belə Mir Qabilin yaxın gələcəkdə yalnız Naxçıvan və ya Azərbaycan teatrında deyil, beynəlxalq teatr çevrələrində də daha güclü şəkildə danışılacağını göstərməyə kifayət edir.
80 nəfərlik mexanizm yox, yaşayan orqanizm
“O olmasın, bu olsun” pərdə açıldığı andan etibarən nəhəng heyəti ilə tamaşaçını içinə çəkən bir atmosfer yaradırdı. Təxminən 80 nəfərlik aktyor heyəti və canlı orkestrin səhnə ilə qurduğu üzvi əlaqə bu tamaşanı adi bir musiqili əsər olmaqdan çıxarırdı.
Burada diqqətçəkən məqam izdihamın xaosa çevrilməməsi idi. Belə böyük heyətli tamaşalarda ən böyük risklərdən biri səhnədəki enerjinin dağılmasıdır. Lakin Mir Qabilin səhnə həndəsəsi və ritm duyğusu sayəsində hər aktyor səhnə bütövlüyünün aktiv bir hissəsi kimi mövcud olurdu.
Canlı orkestrin səhnə ilə qurduğu əlaqə isə sadəcə musiqi müşayiəti funksiyası daşımırdı; sanki tamaşanın görünməz personajlarından birinə çevrilmişdi. Musiqinin dramatik aksiyanı yönləndirən gücü aktyor bədənləri ilə birləşəndə ortaya demək olar ki, kinematoqrafik axın çıxırdı.
Xüsusilə səhnə tərtibatındakı rəng istifadəsi diqqətəlayiq idi. Dekorun stilizə olunmuş quruluşu, işıq dizaynındakı kontrastlar və aktyorların xoreoqrafik yerləşimi bəzən səhnəni yaşayan bir miniatürə çevirirdi. Bu baxımdan tamaşa Şərq estetikasının vizual yaddaşını müasir səhnə dili ilə birləşdirirdi.
Dilin bitdiyi yerdə başlayan teatr
Festival boyunca ən təsirli təcrübələrdən biri dil maneəsinə baxmayaraq tamaşanın tamaşaçı üzərində yaratdığı güclü təsir idi. Zalda müxtəlif ölkələrdən gələn izləyicilər hər replikanı anlamasalar belə eyni anda gülür, eyni anda reaksiya verir və eyni ritmə qoşulurdular.
Məhz bu məqam teatrın universal təbiətini yenidən xatırladırdı.
Çünki həqiqi teatr yalnız sözlərlə qurulmur.
Bədən ritmi ilə,
baxışla,
pauza ilə,
musiqi ilə,
səssizliklə,
məkan enerjisi ilə qurulur.
Naxçıvan Dövlət Milli Dram Teatrının bu tamaşası da məhz bunu bacarırdı: sözün sərhədlərini aşaraq tamaşaçının sezgilərinə çatmağı.
Ənənənin müasirlik içində əriməsi yox, müasiri dəyişdirməsi
Bu tamaşanı əslində önəmli edən məqam Şərq və Qərb teatr ənənələrini səthi kollaj məntiqi ilə deyil, üzvi dramaturji quruluş daxilində birləşdirə bilməsi idi.
Səhnədə bir tərəfdən rus realizminin intizamını, digər tərəfdən Qərb musiqili teatr estetikasının ritmini görərkən, eyni anda meddahlığın, ortaoyununun və meydan tamaşalarının isti nəfəsini də hiss edirdik.
Lakin burada əsas məsələ bu idi: Ənənəvi ünsür müasir səhnənin içinə “nostalji bəzək” kimi yerləşdirilmirdi. Əksinə, müasir səhnə dilini dəyişdirən əsas damar halına gəlirdi. Bu səbəbdən tamaşa folklorik təqdimat hissi yaratmır, yaşayan mədəni orqanizm kimi hərəkət edirdi.
Səməd Canbaxşıyev və meydan ruhunun səhnəyə daşinmasi
Bu məqamda teatrın direktor müavini və dəyərli sənətçi dostumuz Səməd Canbaxşıyevdən ayrıca bəhs etmək lazımdır.
Dörd il əvvəl təşkil etdiyimiz Beynəlxalq Məddah və Nağıl Festivalına nağıl danışanı kimi qatılan Səməd bəy ötən müddətdə meddahlıq aktyor oyunu texnikasını yalnız öyrənməklə kifayətlənməyib, onu öz aktyorluq dilinin mərkəzinə yerləşdirib.
Tamaşada canlandırdığı Hambal obrazı klassik dramatik aktyorluq qəliblərini aşan enerji daşıyırdı. Mətni oxumamış olsam da, tamaşadakı sadə bir “tip” olan Hambalı “xarakter”ə çevirən Səmədin aktyorluğu, tamaşaçı ilə qurduğu birbaşa münasibət, ani reaksiyaları qiymətləndirmə tərzi, bədən istifadəsindəki elastiklik və ritmik improvizasiya refleksi meddahlıq ənənəsinin çağdaş aktyorluq forması kimi necə yenidən istehsal edilə biləcəyinə dair son dərəcə önəmli nümunə yaradırdı. Daha əvvəl izlədiyim “Cibimizdəki dəlilik” və digər tamaşalarında da bu təsiri hiss etmişdim.
Oyunda açıq şəkildə göründüyü kimi, Səməd Canbaxşıyev yalnız rol oynayan aktyor kimi deyil; tamaşaçı ilə birlikdə tamaşanı yenidən quran bir “meydan nağılçısı” kimi hərəkət edir. Onu ənənəvi türk teatrına yaxınlaşdıran da bəlkə budur. Festivallardakı sənət qarşılıqlı təsirləri bu baxımdan olduqca önəmlidir. (Məddah və Nağıl Festivalımızdakı bu tanışlıq yeni üslub və axtarışlara yol açmışdı. Bu festivaldan da mən yeni təsirlərlə döndüm.) Məhz bu xüsusiyyət tamaşanın ən güclü damarlarından birini təşkil edir.
Dördüncü divarın dağıdılmasi yox, nəfəs alması
Müasir teatrın uzun illərdir müzakirə etdiyi “dördüncü divar” anlayışı bu tamaşada nəzəri nümayiş elementi kimi deyil, yaşayan münasibət forması kimi qarşımıza çıxırdı. Qərb realizminin sərt tamaşaçı-aktyor ayrılığı əvəzinə burada tamaşaçı ilə göz təması quran, onları tamaşanın enerjisinə daxil edən və zalı passiv izləmə məkanından çıxaran yanaşma vardı.Xüsusilə Hambal obrazının tamaşaçı ilə qurduğu münasibət ənənəvi Türk Teatrının “meydan” estetikasını qapalı salon məkanına daşıyırdı. Bu çox mühüm fərqdir. Çünki burada edilən şey sadəcə “interaktiv teatr” deyil. Burada baş verən şey teatrın yenidən ictimai qarşılaşma məkanına çevrilməsidir.
Tamaşaçı artıq sadəcə izləyən deyil;reaksiyası ilə ritmi müəyyən edən,
nəfəsdən nəfəsə tamaşanın axınına qatılan, oyunun görünməz tərəfdaşına çevrilən aktiv varlığa dönüşür.
“O olmasın, bu olsun” yalnız uğurlu musiqili tamaşa və ya yaxşı səhnələşdirilmiş klassik nümumə deyil. Bu tamaşa; rus teatr intizamının,
Qərb səhnələşdirmə texnikalarının, Türk xalq teatrının, məddahlığın,
ortaoyununun və meydan estetikasının eyni qazanda əriməsi ilə yeni səhnə dili yarada biləcəyinin güclü sübutudur.
Naxçıvanda gördüyümüz şey keçmişə özənən nostaljik mühafizəkarlıq deyil; köklərindən və dünya teatrından güc alan çağdaş teatr anlayışı idi.
Və bəlkə də ən önəmlisi bu idi: Məddahlıq ənənəmizin qardaş Naxçıvanda bu qədər güclü qarşılıq tapması mədəni yaddaşın sərhədlərlə bölünə bilməyəcəyini bir daha göstərirdi. Şərqin Qapısından keçərkən gördüyümüz mənzərə bu idi:
Kökləri tarixin dərinliklərinə uzanan,
gövdəsi xalqın yaddaşı ilə qidalanan,
budaqları isə dünya teatrının gələcəyinə doğru yüksələn böyük bir sənət ağacı…
Arzumuz budur ki, bu ağacın kölgəsində daha neçə-neçə festivallarda, daha neçə ortaq səhnələrdə görüşə bilək.
Naxçıvan Dövlət Teatrı kollektivinə, Mir Qabilə, Səməd Canbaxşıyevə və əməyi keçən bütün sənətçi dostlarımıza ürəkdən salam olsun.
Mehmet Ümit Görgülü,
Dramaturq, rejissor və meddah
Türkiyə, Quş adası








