“Şərqin qapısı” teatr festivalı təntənəli bağlanış mərasimi ilə yekunlaşıb - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və teatrın 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalı mayın 11-də təntənəli şəkildə yekunlaşıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festivalın bağlanış mərasimində ölkənin müxtəlif teatr kollektivləri — S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı festival çərçivəsində nümayiş etdirdikləri tamaşalara görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən xüsusi təşəkkürnamələrlə təltif olunublar.
Tədbirdə çıxış edən İlham Əsgərov “Şərqin qapısı” teatr festivalının ölkənin teatr mühitində mühüm mədəni hadisə olduğunu vurğulayaraq, Naxçıvan teatr kollektivini festivalın uğurla təşkil olunması münasibətilə təbrik edib. O, festival münasibətilə hazırlanmış xüsusi hədiyyəni C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərova təqdim edib.
Bağlanış mərasimindən sonra tamaşaçılara dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanmış tamaşa təqdim olunub. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, 8–11 may tarixlərini əhatə edən “Şərqin qapısı” teatr festivalı çərçivəsində müxtəlif tamaşalar, ustad dərsləri, panel görüşlər və yaradıcılıq müzakirələri təşkil olunub. Festivalın əsas məqsədi teatr sənətinin inkişafına töhfə vermək, yaradıcı kollektivlər arasında sənət əlaqələrini genişləndirmək və milli teatr ənənələrinin təbliğini gücləndirmək olub.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
















