Naxçıvanda 5 may — “Xalçaçı günü” qeyd edilib - FOTO
Görkəmli xalçaçı-rəssam, professor, Xalq rəssamı Kamil Əliyevin adını daşıyan Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən tədbirdə muzeyin direktoru Ülviyyə Məmmədova “Xalça sənəti və ona göstərilən dövlət qayğısı” mövzusunda çıxış edərək Azərbaycan mədəniyyətinin bir qolu olan xalça sənəti haqqında bəhs edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o vurğulayıb ki, 5 may — “Xalçaçı günü”nün xalçaçıların peşə bayramı kimi qeyd edilməsi dövlətimizin bu sənətin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılmasına göstərdiyi böyük önəmin ifadəsidir.
Muzeyin kiçik elmi işçisi Xavər Məmməd “Əbədiyyət örtüyü” mövzusunda çıxışı zamanı bildirib ki, Azərbaycan xalçası sadəcə bir sənət nümunəsi deyil, xalqımızın qədim tarixini, ruhunu və milli kimliyini ilmələrin yaddaşında yaşadan əbədi bir mirasdır.
Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli “Rəssamlıqda xalça sənəti” mövzusunda çıxış edərək qeyd edib ki, rənglərin ahəngi və naxışların simvolik dili kətan üzərindəki təsvirləri toxuma sənətinin dərin fəlsəfəsi ilə birləşdirərək milli mədəniyyətimizin vizual yaddaşını təşkil edir.
Xalça mütəxəssisi Həcər Hümbətova “Xalça sənətinin təbliği və tədrisi” mövzusunda çıxış edərək deyib ki, Azərbaycanın qədim tarixi köklərə malik xalçaçılıq sənətinin müasir dövrdə elmi əsaslarla öyrənilməsi və gənc nəslə ötürülməsi strateji əhəmiyyət kəsb edir.
Tədbirdə muzeyin tərtibatçı-rəssamı Gülsüm Kəngərli və bərpaçı-rəssamı Rübabə Əliyeva xalçaçıların peşə bayramı münasibətilə təbriklərini çatdırıblar.
Sonda Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin xalçaçıları Gülsüm Kəngərli və Rübabə Əliyeva Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəkkürnamələri ilə təltif ediliblər.











