Naxçıvan Dövlət Kukla Teatrı beynəlxalq uşaq teatrı festivalında iştirak edəcək
Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq uşaq teatrı festivalında iştirak edərək Azərbaycanı beynəlxalq səhnədə təmsil edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, beynəlxalq festivalda iştirakdan sonra teatr kollektivi Türkiyə Respublikasına qastrol səfərinə yollanacaq. Qastrol proqramına Manisa, Balıkəsir, Aydın, Kuşadası və Ahmetli şəhər və rayonlarında tamaşaların nümayişi daxildir.
Səfər çərçivəsində kollektivin Türkiyənin müxtəlif bölgələrində çıxışları nəzərdə tutulub. Qastrolun əsas məqsədi Azərbaycan teatr sənətinin, milli mədəniyyətimizin və Naxçıvanın zəngin sənət ənənələrinin xarici ölkələrdə təbliği, eləcə də beynəlxalq yaradıcılıq əlaqələrinin genişləndirilməsidir.
Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq festivalda iştirakı və Türkiyədə həyata keçirəcəyi qastrol səfəri kollektivin yaradıcılıq fəaliyyətində yeni mərhələ olmaqla, Azərbaycan teatr sənətinin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyət daşıyır.








