“Pələng” monotamaşasının Bakı premyerası keçiriləcək
Oktyabrın 30-da Bakı şəhərində Naxçıvan Dövlət Kukla Teatrının repertuarında yer alan “Pələng” monotamaşasının Bakı premyerası keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfədir ki, Bakıda monotamaşa ilə çıxış edəcək. Bu təqdimat teatrın yaradıcılıq fəaliyyətində əlamətdar hadisə olmaqla yanaşı, kollektivin paytaxt tamaşaçıları ilə görüşü baxımından da xüsusi əhəmiyyət daşıyır.
Ülviyyə Heydərovanın müəllifi olduğu, İlqar Babayevin təqdimatında nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Ruqiyyə Rüstəmova, rejissor assistenti isə Mənsurə Hümbətovadır.
Bakı tamaşaçılarına təqdim ediləcək səhnə əsəri teatrın yaradıcılıq axtarışlarının və repertuar yeniliklərinin növbəti nümunəsidir. “Pələng” monotamaşasının paytaxtda nümayişi Naxçıvan teatr sənətinin təbliği və teatrsevərlərlə yaradıcı əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tamaşanın Bakı premyerası həm teatrın kollektivi, həm də paytaxt teatrsevərləri üçün əlamətdar sənət hadisəsi olacaq.








