Naxçıvanda “İntellektual kitabxanaçı” bilik müsabiqəsinin qalibləri bəlli olub -

Naxçıvanda “İntellektual kitabxanaçı” bilik müsabiqəsinin qalibləri bəlli olub - FOTO

27 Oktyabr 2026

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,vmüsabiqənin məqsədi Nazirliyin sistemində fəaliyyət göstərən gənc kitabxanaçıların kitabxana işi üzrə hazırlıq səviyyəsini və dünyagörüşünü artırmaq, cəld və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin onlar arasında yoldaşlıq münasibətlərini və komanda ruhunu möhkəmləndirməkdir.

Müsabiqə başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli iştirakçılara müsabiqənin məqsədi və keçirilmə qaydaları barədə məlumat verib.

Seçim və final turlarından ibarət olan müsabiqədə iştirakçılar kitabxana işi və ümumi dünyagörüşü ilə bağlı sualları cavablandırıblar.

Müsabiqənin yekununda münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib. Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Zəfər” komandası I, Şərur Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Arpaçay” komandası II, Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Xudafərin” komandası isə III yerə layiq görülüb.

Qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomları ilə təltif olunublar

Müsabiqə gənc kitabxanaçıların bilik və dünyagörüşünün artırılması, onların intellektual potensialının üzə çıxarılması baxımından əhəmiyyət daşıyıb.