Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq

Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq

27 Oktyabr 2026

ABŞ Dövlət katibinin təhlükəsizlik yardımı proqramları üzrə müavininin köməkçisi Şona Uilson Ermənistan səfər etmişdi. O, Ermənistana səfəri zamanı sərhəd təhlükəsizliyi, gömrük sisteminin modernləşdirilməsi və regional əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatında bildirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"  xatırladır ki, ABŞ-nin Ermənistanın sərhəd və gömrük sisteminin texniki imkanlarını genişləndirməsi TRIPP layihəsinin praktik mərhələyə keçdiyi zaman müzakirə olunur.

Səfər çərçivəsində ABŞ Ermənistanın Sərhəd Qoşunlarına təxminən 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıq təqdim edib. Uilson, həmçinin ABŞ-ın 3,5 milyon dollar maliyyə dəstəyi ilə yaradılmış CertScan platformasının fəaliyyəti ilə tanış olub.

CertScan sərhəd-keçid məntəqələrindəki yoxlama texnologiyalarını mərkəzləşdirilmiş monitorinq mərkəzi ilə əlaqələndirir. Sistem yoxlamaların nəticələrini vahid mərkəzdən izləməyə və təhlil etməyə imkan verir. Belə texnologiyalar sərhəd nəzarətinin təşkilində rəqəmsal vasitələrin rolunu artırır və müxtəlif məntəqələrdə aparılan əməliyyatların məsafədən izlənilməsinə şərait yaradır.

TRIPP layihəsi çərçivəsində əsas məsələlərdən biri Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsidir. Mərkəzləşdirilmiş rəqəmsal nəzarət sistemləri nəzəri olaraq sərhəd-keçid məntəqələrindəki proseslərin uzaqdan izlənilməsinə imkan verir. Beləliklə, CertScan sisteminin Ermənistanda tətbiqi onun TRIPP marşrutunda eyni formada istifadə ediləcəyini və erməni sərhədçilərinin sərnişinlərə və yüklərə yalnız məsafədən müşahidə edəcəyini təsdiqləyir. Bu məsələlər marşrutun idarəetmə modeli və tərəflər arasında əldə olunacaq razılaşmalarla tam formada müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlərindən sonra jurnalistlərə müsahibəsində Azərbaycanla Naxçıvan arasında əlaqənin maneəsiz təmin edilməsinin vacibliyini vurğulamışdı. Həmin gün Azərbaycan və Ermənistan arasında TRIPP layihəsinin əsasını qoyan Birgə Bəyannamə imzalandı.

Prezident İlham Əliyev 2025-ci il avqustun 27-də “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bu məsələyə toxunaraq bildirmişdi ki, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və əks istiqamətdə hərəkət edərkən narahatlıq hiss etməməli, təhlükəsizlikləri ilə bağlı narahatlıq yaşamamalıdırlar. Dövlət başçısı marşrutun Ermənistan ərazisindən keçəcəyini və bunun Ermənistan üçün də tranzit imkanları yaradacağını qeyd etmişdi.

Beləliklə, əsas məsələ yalnız sərhəd nəzarətinin texniki vasitələrlə modernləşdirilməsi deyil, həm də bu nəzarətin maneəsiz keçid prinsipə uyğunlaşdırılmasıdır. Ermənistanın sərhəd qurumları marşrut boyunca sərnişin və yüklərin yoxlanılması üçün CertScan platformasından yararlanacaq, fiziki müdaxiləni , texniki monitorinqlə əvəzləyəcək.

Bu baxımdan CertScan kimi sistemlərin inkişaf etdirilməsi regionda nəqliyyat əlaqələrinin gələcəkdə rəqəmsal monitorinq və texniki nəzarət imkanları ilə müşayiət oluna biləcəyinisübut edir. TRIPP-in konkret idarəetmə mexanizmləri isə tərəflərin razılaşmaları və layihənin icrası zamanı müəyyənləşəcək.