Naxçıvanda tikinti-quraşdırma işlərinə investisiya qoyuluşu 42%-ə yaxın artıb
Muxtar respublikada 2026-cı ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 238 196 500 manat investisiya yönəldilib və bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çoxdur. İnvestisiya qoyuluşunun 198 484 300 manatı və ya 83,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,9% çoxdur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən cari ilin ilk 9 ayında əsas kapitala investisiya qoyuluşunun 100 758 100 manatı və ya 42,3%-i dövlət sektorunun, 137 438 400 manatı və ya 57,7%-i isə qeyri-dövlət sektorunun payına düşür. İnvestisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda 30,9%, qeyri-dövlət sektorunda isə 42,7% artıb. Cəlb edilən investisiyanın 116 367 700 manatı və ya 48,9%-i məhsul istehsalı sahələrinə, 27 152 700 manatı və ya 11,4%-i xidmət sahələrinə, 94 676 100 manatı və ya 39,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Muxtar respublikada yeni yaşayış binalarının inşası, istehsal müəssisələrinin yaradılması və elektrik enerjisi təsərrüfatının yenidən qurulması əsas kapitala investisiya qoyuluşunun artmasını şərtləndirən başlıca amillərdir. Eyni zamanda, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması və nəqliyyat sahəsinə ayrılan vəsaitlər də investisiya həcminin artmasına əhəmiyyətli təsir göstərib.








