Naxçıvan Dövlət Kukla Teatrının rəsmi internet səhifəsinin təqdimatı keçirilib - FOTO
Naxçıvan Dövlət Kukla Teatrının fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması və tamaşaçılarla əlaqələrin gücləndirilməsi məqsədilə teatrın rəsmi internet səhifəsinin təqdimatı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təqdimat mərasimində çıxış edən Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov yeni platformanın yaradılma məqsədi və teatrın informasiya fəaliyyətindəki rolu barədə məlumat verib.
Daha sonra teatrın rejissor assistenti Mənsurə Hümbətova rəsmi internet səhifəsinin funksiyaları, istifadə imkanları və platformanın təqdim etdiyi yeniliklər barədə ətraflı məlumat verib.
Bildirilib ki, rəsmi səhifənin istifadəyə verilməsi teatrın fəaliyyəti, həyata keçirdiyi layihələr, səhnələşdirilən tamaşalar, yaradıcılıq prosesi və gələcək planları barədə ictimaiyyətin operativ məlumatlandırılmasına imkan yaradacaq. Eyni zamanda, platforma vasitəsilə tamaşaçılar teatrın repertuarı, tamaşaların nümayiş tarixləri və digər yeniliklərlə tanış ola biləcəklər.
Qeyd olunub ki, müasir dövrdə rəqəmsal platformalar mədəniyyət müəssisələrinin ictimaiyyətlə əlaqələrinin qurulmasında və fəaliyyətlərinin təbliğində mühüm rol oynayır. Bu baxımdan, rəsmi internet səhifəsinin yaradılması teatrın rəqəmsal informasiya mühitində mövqeyinin gücləndirilməsinə, eləcə də daha geniş auditoriya ilə əlaqə qurmasına xidmət edəcək.
Beləliklə, Naxçıvan Dövlət Kukla Teatrı rəqəmsal mühitdə də fəaliyyətini genişləndirərək tamaşaçılarla daha əlçatan və operativ kommunikasiya qurmaq istiqamətində növbəti addımını atıb.












