“Dəmir yumruğun nağılı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Noyabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dəmir yumruğun nağılı” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin aparıcısı müsabiqənin şərtləri barədə məlumat verib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə 19 oktyabr - 3 noyabr tarixlərində keçirilən “Dəmir yumruğun nağılı” yazı müsabiqəsinin əsas məqsədi “Dəmir Yumruq” rəmzinin ifadə etdiyi milli birlik, həmrəylik, dövlətçilik və qələbə ruhunun uşaqlara bədii əsərlər vasitəsilə aşılanmasıdır. Eyni zamanda, müsabiqədə yer tutan əsərlərin gələcəkdə dərsliklərə daxil edilməsi, məktəblərdə tədris və təbliğ olunması, beləliklə, “Dəmir Yumruğ”un tarixi və mənəvi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması nəzərdə tutulur. Müsabiqəyə 18 əsər təqdim olunmuşdur ki, onların da müəlliflərindən 16-sı muxtar respublika, 1-i Gəncə şəhər, 1-i isə Bərdə rayon sakinidir. Təqdim olunan əsərlər 5 nəfərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Əsasnaməyə uyğun olaraq müsabiqənin nəticələri ictimaiyyətə açıqlanacaq və qalib yazıları muxtar respublikada fəaliyyət göstərən mətbuat orqanlarında dərc olunacaq.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov bildirib ki, Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və ordumuzun qüdrətinin təcəssümü olan Zəfər təxminən iki əsrlik münaqişəyə həlledici nöqtə qoyub, 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib.
Qeyd olunub ki, “Dəmir yumruq” yalnız hərbi əməliyyatın adı deyil, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşən xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və ordumuzun rəşadətinin rəmzidir. Bu rəmzin ədəbiyyata gətirilməsi, onun müxtəlif bədii yanaşmalarla, obrazlarla və yaradıcı təxəyyüllə təqdim olunması olduqca əhəmiyyətlidir. Bu səbəbdə də gələcəkdə müsabiqənin ölkə səviyyəsində keçirilməsi və qalib əsərin orta məktəb dərsliklərinə daxil edilməsi təşəbbüsü ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunacaq.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edərək Vətən müharibəsində qazandığımız Zəfərin ədəbiyyata təsirindən, bu mövzunun bədii yaradıcılıqda əks olunmasının əhəmiyyətindən danışıb. O, müsabiqənin şəffaf və müəyyən edilmiş qaydalar əsasında keçirildiyini bildirib. Qeyd olunub ki, naxçıvanlı yazıçıların Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan 60-dan çox kitabı nəşr edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın tarixi Qələbəmizə həsr olunmuş poema müsabiqəsinin keçirilməsi ilə bağlı təşəbbüsünə dəstək ifadə olunub.
Daha sonra müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış münsiflər heyətinin yekun qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Abbasov Alməmməd Eldar oğlu I yerə, Naxçıvan Televiziyasının və “Məktəbli” qəzetinin baş redaktoru Əhmədov Fariz Məhəmməd oğlu II yerə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Əhmədova Hicranə Əflatun qızı isə III yerə layiq görülüb.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomu və pul mükafatı təqdim edilib.













