Naxçıvan Dövlət Kukla Teatrı Türkiyəyə qastrol səfərinə gedib - FOTO
M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Türkiyənin Erzurum şəhərində “Elçilik” tamaşasını böyük uğurla təqdim edib. İlk dəqiqələrdən etibarən tamaşa teatrsevərlərin böyük marağı və alqışları ilə qarşılanıb. Tamaşanı izləyənlər arasında Ərzurum Valisi Aydın Baruş da yer alıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşanın sonunda çıxış edən vali Aydın Baruş səhnə əsərinin yüksək peşəkarlıq və xüsusi teatr estetikası ilə təqdim olunduğunu vurğulayaraq tamaşanın rejissoru Səyyad Məmmədov və teatr kollektivini təbrik edib. O, Azərbaycan və Türkiyə arasında əsrlərə söykənən qardaşlıq münasibətlərinin mədəniyyət və incəsənət vasitəsilə daha da möhkəmləndiyini bildirib.
Daha sonra çıxış edən Səyyad Məmmədov Azərbaycan–Türkiyə birliyinin yalnız siyasi deyil, həm də mənəvi və mədəni bağlarla yaşadığını qeyd edib. O bildirib ki, sənət xalqları birləşdirən ən böyük körpüdür və “Elçilik” tamaşasının Ərzurum səhnəsində nümayişi də bu qardaşlığın parlaq nümunəsidir.
Tədbirin sonunda Səyyad Məmmədov tərəfindən Ərzurum Valisi Aydın Baruşa xatirə hədiyyəsi təqdim olunub.













