Azərbaycan yeni Konvensiyaya qoşulur
Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Mülki və ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında” Konvensiya 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanıb, 42 maddədən ibarətdir.
Konvensiya qeyd olunan münasibətlərlə bağlı sorğu məktublarının göndərilməsini və onların icrasının asanlaşdırılmasını, mülki və ya ticarət işləri üzrə əməkdaşlıq sahəsində razılığa gələn tərəflər arasında əməkdaşlığın tənzimlənməsini nəzərdə tutan mühüm beynəlxalq aktlardan biridir.
Konvensiyanın müddəalarına əsasən, razılığa gələn dövlətin məhkəmə orqanı sübutların əldə edilməsi və ya hər hansı digər məhkəmə hərəkətinin yerinə yetirilməsi üçün digər dövlətin səlahiyyətli orqanına sorğu məktubu vasitəsilə müraciət edə bilər.
Konvensiyanın digər maddələri sorğu məktublarının qəbulu, onların icrasına səlahiyyətli olan orqana göndərilməsi, bunun üçün mərkəzi orqanın təyin edilməsi, sorğu məktubunda göstərilməli olan zəruri məqamlar, sorğu məktubunun tərtib olunduğu dil, sorğu məktubuna etirazlar, onun icra etmək səlahiyyətinə malik orqana yönləndirilməsi, müvafiq nümayəndələrin məhkəmə icraatında iştirakı, diplomatik xidmət əməkdaşlarının sübutların toplanmasında iştirakı və digər zəruri prosedurların icrası kimi məsələləri tənzimləyir.
Konvensiya, həmçinin, əməkdaşlıqdan irəli gələn digər zəruri məsələlərə dair ümumi müddəaları, imzalanma və ratifikasiya prosedurlarını, habelə verilmiş bəyanatların geri götürülməsi qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasının Konvensiyaya dair bəyanat və qeyd-şərtlərinin mətni Konvensiyanın təsdiqini nəzərdə tutan layihəyə əlavə olunub.
“Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.








