Ordubadda “Ərbabın iş yeri” tarixi binası ilin sonunadək bərpa olunacaq

Ordubadda “Ərbabın iş yeri” tarixi binası ilin sonunadək bərpa olunacaq

28 Aprel 2026

Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” adlı tarixi binanın bərpasının cari ilin sonunadək tamamlanması planlaşdırılır. Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasında layihə rəhbəri Fərid Kazımlı məlumat verib.

Onun sözlərinə görə, artıq bərpa işlərinin əsas hissəsi yekunlaşmaq üzrədir. Hazırda tikilidə təmir mərhələsinə keçilib, havalandırma, su və kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir.

“Qaba işlər yekunlaşıb, hazırda təmir mərhələsindəyik. Məqsədimiz binanın ilkin memarlıq üslubunu qoruyaraq onu əvvəlki görkəminə qaytarmaqdır”, – deyə layihə rəhbəri bildirib.

Qeyd olunub ki, bərpa prosesi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmış şəkildə aparılır. Tarixi binanın bütün ornamentləri və memarlıq elementləri ilkin formasına uyğun bərpa ediləcək.

Fərid Kazımlı əlavə edib ki, işlər başa çatdıqdan sonra bina bölgənin mədəni-tarixi irs nümunələrindən biri kimi yenidən istifadəyə veriləcək.

Məlumat üçün bildirək ki, sözügedən tikili yerli əhali arasında “Ərbab” kimi tanınan Rzaqulu Rzayevə məxsus olub. 1865-ci ildə fəaliyyətə başlayan bu obyekt Ordubad şəhərində ilk ipək fabriki kimi tanınır. Fabrikin qurucusu Rzaqulu Rzayev həm müəssisənin ilk rəhbəri, həm də xeyriyyəçi və işgüzar şəxs kimi yadda qalıb. Onun təşəbbüsü ilə bölgədə baramaçılıq ənənələri yenidən inkişaf etdirilib.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov