Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Oftalmoloq-alim, akademik - Zərifə xanım Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində görkəmli alimin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər.
Qeyd olunub ki, alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Tədbirdə məktəbin müəllimi Vüsalə Kazımovanın Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr etdiyi "İşıqlı İrs" adlı interaktiv layihə və görkəmli oftalmoloq-alimin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Sonda xatirə fotosu çəkilib.















