Mən sizin

Mən sizin DİRÇƏLİŞİNİZƏM

17 Noyabr 2026

“Mən 1918-ci ildə doğuldum,amma cəmi 23 ay nəfəs ala bildim. 

Sonra 70 il qaranlıq bir sandıqda,bəzən də bir ananın sinəsində gizləndim.  

1990-cı ilin noyabrında Naxçıvanda yenidən gün işığına çıxdım...”

Məni tanıyırsınız... Amma bu gün mənə sadəcə bir dövlət rəmzi kimi yox, 70 il qaranlıqda qalıb, yenidən doğulan canlı bir şahid kimi baxın.

Mən 1918-ci ildə doğuldum. Cəmi 23 ay azad səmada nəfəs ala bildim. Sonra məni endirdilər. Məni sandıqların dibində gizlətdilər, bəzən bir babanın yastığının altında, bəzən isə bir ananın ürəyinin başında qorudular. Məni unutdurmaq istədilər, amma bir şeyi hesablaya bilmədilər: Xalqın yaddaşını həbs etmək olmur.

1988-ci ilin noyabrı idi... Bakının Azadlıq meydanında milyonlarla insanın ayaq səslərini eşitdim. Soyuq payız gecəsində tonqalların istisi və insanların “Azadlıq!” hayqırtısı məni 70 illik yuxudan oyatdı. O gün mən anladım ki, bu xalq artıq əsarətlə barışmayacaq. O gün mənim-sizin Milli Dirçəlişimizin ilk nəfəsi idi.  

Amma mənim yenidən rəsmi olaraq doğulmağım üçün cəsarət lazım idi. İmperiyanın hələ ayaqda olduğu,qorxunun hökm sürdüyü bir vaxtda 1990-cı ilin məhz 17 noyabrında mən Naxçəvanda, Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə yenidən uca kürsüyə gətirildim. Zala daxil olanda insanların göz yaşlarını gördüm. O göz yaşları kədər deyildi, 70 illik həsrətin qələbəsi idi.

Mənim üzərimdəki mavi- sizin 1988-ci ildə meydanlara çıxan əyilməz türk ruhunuzdur.

Mənim qırmızım- 20 Yanvarda, Xocalıda və 44 günlük Vətən müharibəsində bu torpaq üçün canını verən şəhidlərimin qanıdır.

Mənim yaşılım isə- heç vaxt sönməyən inancımız və mənəviyyatımızdır.

Bu gün mən təkcə rəsmi binaların üzərində dalğalanmıram. Mən Şuşanın zirvəsində, Xankəndinin səmasında və sizin hər birinizin vicdanında dalğalanıram.

Məni 1918-ci ildə yaratdılar, 1988-də oyatdılar, 1990-da ucaltdılar, 2020-də isə əbədi etdilər!

İndi növbə sizindir... Məni yalnız göylərdə yox, əməllərinizdə və birliyinizdə uca tutun. Çünki mən sadəcə bir bayraq deyiləm- Mən sizin özünüzəm, sizin Milli Dirçəlşinizəm!                                

Aysun ŞÜKÜROVA

Milli Müdafiə Üniversiteti Naxçıvan Hərbi Kolleci