Naxçıvanda vergi ödəyicilərinə 582 ünvanlı xidmət göstərilib

Naxçıvanda vergi ödəyicilərinə 582 ünvanlı xidmət göstərilib

17 Noyabr 2026

2026-cı ilin yanvar – oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 39.432 şəxs qəbul edilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59.529 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.

Ümumi xidmətlərin 84 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asan İmza sertifikatının verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

Fiziki şəxsin uçotdan çıxarılması;

Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar – oktyabr aylarında vergi ödəyicilərinə 894.207 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 582 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3.923 müraciət üzrə 6.715 Asan İmza sertifikatı verilib.