Anar Əliyev: "Gələn il sosial təminat proqramlarına 70 milyon manatdan çox pul ayrılacaq"

Anar Əliyev: "Gələn il sosial təminat proqramlarına 70 milyon manatdan çox pul ayrılacaq"

17 Noyabr 2026

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən sosial təminat proqramlarına 70 milyon manatdan çox ayrılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında - "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, gələn il nazirlik imtiyazlı şəxslərin mənzillər, avtomobillər və reabilitasiya vasitələri ilə təminatı proqramlarını davam etdirəcək: "Belə ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillərin alınmasına 40 milyon manat ayrılması nəzərdə tutulur. Tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsait ayrılacaq".