Təhsil eksperti: Süni intellekt fonunda şifahi imtahanların tətbiqi Azərbaycan üçün hələ tezdir

Təhsil eksperti: Süni intellekt fonunda şifahi imtahanların tətbiqi Azərbaycan üçün hələ tezdir

13 Aprel 2026

Son dövrlərdə süni intellektin təhsildə geniş yayılması fonunda bəzi ölkələrdə, xüsusilə ABŞ universitetlərində qiymətləndirmə mexanizmlərinə yenidən baxılır. Bu çərçivədə tələbələrin biliklərinin daha obyektiv yoxlanılması məqsədilə şifahi imtahanların tətbiqinə başlanılıb.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasında bildirib ki, beynəlxalq təcrübədən yararlanmaq vacib olsa da, bu yanaşmaların yerli təhsil sisteminə tətbiqi mərhələli şəkildə həyata keçirilməlidir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda süni intellekt sahəsində yetərli baza formalaşmayıb:

"Beynəlxalq təcrübədən istifadə mütləqdir. Nə orta məktəblərdə, nə də ali təhsil müəssisələrində süni intellekt geniş və sistemli şəkildə tədris olunmur. Bu səbəbdən də şifahi imtahan kimi yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üçün hələ tezdir".

Ekspert hesab edir ki, belə dəyişikliklərə keçid etməzdən əvvəl təhsil sistemində əsaslı hazırlıq aparılmalıdır:

"İlk növbədə orta ümumtəhsil məktəblərində süni intellektlə bağlı dərslər təşkil olunmalı, ali təhsil müəssisələrində isə bu sahə üzrə ixtisaslar yaradılmalıdır. Müəyyən baza formalaşmadan daha mürəkkəb qiymətləndirmə üsullarına keçid gözlənilən nəticəni verməyəcək".

Ramin Nurəliyev qeyd edib ki, yaxın dövrdə ali təhsil müəssisələrində süni intellekt ixtisaslarının yaradılması istiqamətində addımlar atılır:

"Məlumatlara görə, artıq bəzi universitetlərdə bu ixtisasların açılması planlaşdırılır. Bu, müsbət addımdır və gələcək üçün vacibdir. Əgər qlobal rəqabətdə geri qalmaq istəmiriksə, bu sahədə sistemli şəkildə irəliləməliyik".

Ekspertin fikrincə, əsas məsələ yalnız texnologiyanı tətbiq etmək deyil, ondan

düzgün istifadə mexanizmini qurmaqdır:

"Süni intellekt artıq qaçınılmaz reallıqdır və təhsildə də ciddi təsir göstərəcək. Ona görə də bu sahədə baş verən dəyişiklikləri izləmək, riskləri əvvəlcədən qiymətləndirmək və uyğun addımlar atmaq vacibdir".

Mütəxəssis sonda vurğulayıb ki, şifahi imtahanların tətbiqi ideyası gələcək üçün mümkün olsa da, hazırkı mərhələdə bu addım real görünmür:

"Hazırda nə tədris, nə də praktiki tətbiq baxımından lazımi mərhələdə deyilik. Bu istiqamətdə ilkin baza formalaşdıqdan sonra belə yeniliklərin tətbiqi daha məqsədəuyğun ola bilər".

Müsahibəni hazırladı:

Nəzrin Umay