Məmməd Hüseynli: Naxçıvanın mədəni irsi dünya səhnəsinə çıxarılır

Məmməd Hüseynli: Naxçıvanın mədəni irsi dünya səhnəsinə çıxarılır

12 Aprel 2026

"İsveçli sənədli film rejissoru Mikael Silkeberqin Naxçıvana gəlişi sadəcə bir film çəkilişi deyil, bölgənin mədəni irsini dünya səhnəsinə çıxarmaq üçün bir çağırışdır. Müəllifi olduğu, Naxçıvanda çəkilmiş "Nuhun ayaq izi ilə" filmindən fərqli olaraq, onun yeni layihəsi– "Yaddaşda yaşayan vətən" adlı sənədli filmi daha geniş mədəni kontekstdə Qərbi Azərbaycan torpaqları ilə bağlıdır. Silkeberg bu filmlə Azərbaycanın mədəni ənənələrinin necə davam etdiyini, tarixən orada yaşamış insanların həyat tərzinin izlərini araşdıracaq və vizual hekayələr vasitəsilə nümayiş etdirəcək".

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli bildirib.

O  vurğulayıb ki, rejissorun da vurğuladığı kimi, Naxçıvan yalnız keçmişi ilə deyil, hələ də nəfəs alan, yaşayan mədəniyyəti ilə fərqlənir. Burada tarixi abidələr təkcə daş və əşya deyil, onlar gündəlik həyatın, musiqinin, sənətin və ənənələrin canlı şahididir. Misal üçün, Möminə Xatun türbəsinin incə ornamentləri, Əshabi-Kəhf və Gəmiqaya kimi yerlərin daş üzərində qorunan izləri, xalçaların naxışlarında davam edən hekayələr– bütün bunlar mədəniyyətimizin tarixi ilə bu gününü birləşdirir.

"Musiqi salonlarında tar çalan musiqiçilər və ənənəvi ifalar, Silkeberqin sözlərinə görə, bu mədəniyyətin hələ də canlı olduğunun göstəricisidir. Onun gəlişi yalnız vizual sənət və kino baxımından deyil, həm də Naxçıvanın və Azərbaycanın mədəni irsinin qlobal səhnədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Silkeberqin layihəsi qədim tarixi məkanları yalnız göstərmək deyil, həm də onların ruhunu, ənənələrin davamlılığını və xalqın mədəni həyatını auditoriyaya hiss etdirmək məqsədi daşıyır. Bu, Naxçıvanın öz unikallığını və Azərbaycanın mədəni zənginliyini dünyaya çatdırmaq üçün nadir bir fürsətdir", – deyə o qeyd edib.

Müsahibəni hazırladı:

Nəzrin Umay