Ali Məclisin deputatı: Aprel döyüşləri böyük Zəfərin ilk siqnalı idi

Ali Məclisin deputatı: Aprel döyüşləri böyük Zəfərin ilk siqnalı idi

01 Aprel 2026

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov Aprel döyüşlərinin 10-cu ildönümü ilə bağlı “NAXÇIVANXƏBƏRLƏRİ”nə fikirlərini bölüşüb.

Deputat 2016-cı il hadisələrini Azərbaycanın müasir hərb tarixində dönüş nöqtəsi kimi xarakterizə edib.

Üzeyir Məmmədov qeyd edib ki, Aprel döyüşləri təkcə qısamüddətli hərbi əməliyyat deyil, 2020-ci ildə qazanılan tarixi Zəfərin ilk ciddi sınağı və müjdəçisi olub.

Üzeyir Məmmədov vurğulayıb ki, Aprel döyüşlərinə aparan yol məhz illərlə yığılan gərginliyin və düşmən təxribatlarının məntiqi nəticəsi idi.

Deputatın sözlərinə görə, 2016-cı ilin aprelində Azərbaycan Ordusu strateji yüksəklikləri azad etməklə bütün dünyaya mühüm mesaj verdi:

"Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu artıq yalnız müdafiə olunmur, istənilən an hücum əməliyyatlarını uğurla icra edə biləcək müasir gücə malikdir."

Üzeyir Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməllərindən birinin məhz Aprel döyüşləri olduğunu bildirib. O, bu uğurda Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini, şəhidlərin canı və qazilərin fədakarlığı hesabına formalaşan ordu-xalq-dövlət birliyini xüsusi vurğulayıb.

Sonda deputat qeyd edib ki, tarix artıq öz sözünü deyib: Apreldə başlanan yol möhtəşəm Zəfərlə tamamlanıb.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov